100 milyard avroluq döyüş təyyarəsi layihəsi çökdü
Fransa və Almaniyanın birgə həyata keçirdiyi 100 milyard avroluq FCAS döyüş təyyarəsi layihəsi şirkətlər arasındakı güc mübarizəsi səbəbindən ciddi çıxılmaz vəziyyətə düşüb.
ERAmedia xəbər verir ki, Almaniyanın Handelsblatt qəzetinin yaydığı məlumata görə, Fransa-Almaniya ortaq istehsalı olan FCAS layihəsində iştirak edən şirkətlər arasında yaranmış anlaşılmazlığı həll etmək üçün təyin olunan vasitəçilər uğursuzluğa düçar olublar.
Məlumata görə, danışıqlara yaxın mənbələrə istinad edən xəbərdə bildirilir ki, biri fransız, digəri alman olan iki vasitəçi apardıqları fəaliyyətlə bağlı ayrı-ayrılıqda hesabat təqdim edəcəklər.
Məsələ ilə bağlı məlumatlı mənbə “Reuters” agentliyinə açıqlamasında qeyd edib ki, alman vasitəçinin hesabatında bir zamanlar layihənin əsasını təşkil edən ortaq döyüş təyyarəsinin hazırlanması ideyasının artıq həyata keçirilə bilən olmadığı qənaətinə gəlinəcək.
Həmin mənbə əlavə edib ki, Almaniya kansleri Fridrix Merts layihədəki böhranın hazırkı vəziyyəti ilə bağlı ətraflı məlumatlandırılacaq.
Bundan əvvəl layihəyə yaxın mənbələr Almaniya və Fransanın birgə insanlı döyüş təyyarəsi hazırlamaq planından imtina etmə ehtimalının yüksək olduğunu, lakin proqram təminatı, məlumat sistemləri və pilotsuz uçuş aparatları (PUA) sahəsində əməkdaşlığın davam etdiriləcəyini bildirmişdilər.
Qeyd olunur ki, Mertsin qarşıdakı həftənin cümə axşamı və cümə günləri Cənubi Kiprdə keçiriləcək qeyri-rəsmi Avropa İttifaqı sammiti çərçivəsində Fransa prezidenti Emmanuel Makron ilə görüşü planlaşdırılır.
FCAS layihəsinin çökmə və ya kiçilmə riski Avropanın Rusiyadan gələn təhdidlər və ABŞ-ın azalan dəstəyi fonunda birlik və əməkdaşlığı gücləndirməyə çalışdığı həssas bir dövrə təsadüf edir.
100 milyard avro büdcəyə malik bu nəhəng layihə Fransanı təmsil edən “Dassault Aviation” ilə Almaniya və İspaniyanı təmsil edən “Airbus” arasında “nəzarət və liderlik” məsələlərinə görə yaranmış mübahisə səbəbindən uzun müddətdir dayanma nöqtəsinə gəlib.
Vüsalə










