121 mindən çox uşağın 1-ci sinfə qəbulu rəsmiləşdirilib
2026-2027-ci tədris ili üzrə uşaqların 1-ci sinfə elektron qəbulu prosesi davam edir.
ERAmedia-ya bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, mayın 6-dan etibarən həyata keçirilən qəbul çərçivəsində bu günədək 121 mindən çox uşağın birinci sinfə qəbulu prosesi tamamlanıb.
Qəbul prosesi “www.mektebeqebul.edu.az” portalı vasitəsilə elektron qaydada həyata keçirilir.
Qeyd edək ki, internetə çıxış imkanı olmayan vətəndaşlar alternativ qeydiyyat mərkəzlərinə, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin və təhsili yerli idarəetmə bölmələrinin çağrı mərkəzlərinə, həmçinin “ASAN xidmət” mərkəzlərinə müraciət etməklə qeydiyyatdan keçə bilərlər.
Birinci sinfə elektron qəbul prosesi davam edir və valideynlərin müraciətləri müəyyən olunmuş qaydalara uyğun şəkildə qəbul olunur.










