media-qezet55

1918-ci ilin mart ayında Bakıda baş verən faciəli hadisələr təkcə regionda deyil, beynəlxalq mediada da geniş əks-səda doğurub. Avstraliyada nəşr olunan “The Daily Telegraph” qəzetinin 21 iyun 1918-ci il tarixli sayında bu hadisələr “The Battle of Baku” başlığı ilə təqdim olunub.

Tarix üzrə fəlsəfə doktoru Zaur Əliyev ERAmedia-ya açıqlamasında bildirib ki, həmin dövrdə uzaq Avstraliya mətbuatında Bakıda baş verən qırğınların işıqlandırılması hadisələrin miqyasını göstərən mühüm faktlardan biridir. Onun sözlərinə görə, qəzetdə dərc olunan məlumatlar Mart hadisələrinin sadəcə hərbi toqquşma deyil, mülki əhaliyə qarşı kütləvi zorakılıq olduğunu təsdiqləyir.

Məqalədə qeyd olunur ki, bolşevik-erməni qüvvələri ilə müsəlman əhali arasında baş verən qarşıdurmalar nəticəsində şəhər demək olar ki, xarabalığa çevrilib. Qəzet yazır ki, müsəlman məhəllələrinin böyük hissəsi yandırılıb, minlərlə silahsız insan küçələrdə qətlə yetirilib.

Tarixçi vurğulayıb ki, nəşrdə bu hadisələr “Bakının müsəlman əhalisinin darmadağın edilməsi” kimi təqdim olunur. Eyni zamanda, hakimiyyət uğrunda mübarizə çərçivəsində bolşeviklərin erməni daşnak qüvvələri ilə əməkdaşlıq etdiyi və bunun demoqrafik üstünlük əldə etmək məqsədi daşıdığı bildirilir.

Məqalədə həmçinin qırğın nəticəsində 10 mindən 12 minə qədər insanın həyatını itirdiyi qeyd edilir. Şəhərin küçələrinin günlərlə dəfn olunmamış meyitlərlə dolu qaldığı, xəstəxanaların isə yaralılarla dolub-daşdığı vurğulanır.

Zaur Əliyevin sözlərinə görə, bu cür xarici mənbələr 31 mart hadisələrinin beynəlxalq səviyyədə necə qəbul edildiyini anlamaq baxımından mühüm əhəmiyyət daşıyır. O bildirib ki, həmin dövrdə Bakı kimi strateji və neft baxımından əhəmiyyətli bir şəhərdə baş verənlər dünya ictimaiyyətinin diqqətindən kənarda qalmayıb.

Tarixçi əlavə edib ki, bu kimi faktlar hadisələrin yalnız yerli deyil, qlobal rezonansa malik olduğunu göstərir və onların daha dərindən araşdırılmasını zəruri edir.

Vüsalə


media-adspc

Bənzər xəbərlər