20-ci “Baku Jazz Festival”ı keçiriləcək
Oktyabrın 24-dən 31-dək Azərbaycanın paytaxtında payızın ən parlaq hadisələrindən biri – “Baku Jazz Festival”ı keçiriləcək. Festival 2025-ci ildə 20 illik yubileyini qeyd edəcək. 2005-ci ildə tanınmış saksofon ifaçısı və bəstəkar Rain Sultanov tərəfindən əsası qoyulan “Baku Jazz Festival”ı dünyanın müxtəlif ölkələrinə aid olan nəsillər, mədəniyyətlər və caz ənənələri arasında körpüyə çevrilib.
ERAmedia xəbər verir ki, yubiley festivalının proqramı dinamik və zəngindir: səkkiz gün ərzində Bakıda dünyanın ən yaxşı caz musiqiçiləri çıxış edəcəklər. Festival çərçivəsində açıq məkanlardan tutmuş kamera salonlara qədər olan bütün məkanlarda konsertlər, sərgilər, cem-sessiyalar, film nümayişləri, ustad dərsləri və seminarlar keçiriləcək. Festivalda, həmçinin Böyük Britaniya və İsveçrənin tanınmış musiqi bloqçuları ilə görüşlər, caz üzrə beynəlxalq ekspertlər ilə müzakirələr paneli keçiriləcək.
Builki festivalda sosial missiyaya xüsusi diqqət yetirilib: bu, sağlamlıq imkanları məhdud olan gənclər üçün ustad dərsləri və konsertlərdir.