media-53c21cf9-61b5-4238-800b-805cfa377679

Müharibələr, təbii fəlakətlər, siyasi böhranlar və terror hadisələri ilə zəngin olan 2025-ci il dünya tarixinə ən çətin illərdən biri kimi düşdü. İl ərzində bir çox ölkədə hakimiyyət dəyişiklikləri baş verdi, silahlı qarşıdurmalar genişləndi, minlərlə insan həyatını itirdi.

ERAmedia 2025-ci ildə dünyada baş verən əsas hadisələrin xronologiyası təqdim edir:

6 yanvar – Kanadanın baş naziri Castin Trüdo istefa verdi. Bununla da ölkədə 9 illik Trüdo dövrü başa çatdı.

6 yanvar – ABŞ-də keçirilən prezident seçkilərində qalib gələn Donald Tramp rəsmi olaraq vəzifəsinin icrasına başladı.

19 yanvar – ABŞ-ın vasitəçiliyi ilə İsrail və HƏMAS arasında atəşkəs razılaşması imzalandı. Lakin Təl-Əviv rəhbərliyi qısa müddət sonra razılaşmanı pozaraq hücumları bərpa etdi. 2023-cü ilin oktyabrından etibarən Qəzzada 71 mindən çox fələstinli həyatını itirdi.

29 yanvar – Bəşər Əsədin devrilməsindən 1,5 ay sonra Əhməd Şara Suriya prezidenti oldu.

18 fevral – Misir firon II Tutmosun məzarının tapıldığını açıqladı. Bu, 1922-ci ildə Tutanxamunun məzarının kəşfindən sonra tapılan ilk kral məzarı kimi tarixə düşdü.

28 fevral – ABŞ prezidenti Donald Tramp, Ukrayna prezidenti Volodimir Zelenski və ABŞ vitse-prezidenti Vens arasında Ağ Evdə ciddi sözlü mübahisə baş verdi.

11 mart – Filippinin keçmiş prezidenti Rodriqo Duterte barəsində irəli sürülən ittihamlarla əlaqədar Beynəlxalq Cinayət Məhkəməsində həbs edildi.

18 mart – Atəşkəsə baxmayaraq, İsrailin Qəzzada həyata keçirdiyi genişmiqyaslı hücumlar nəticəsində ən azı 591 fələstinli həlak oldu.

28 mart – Myanmada baş verən 7,7 bal gücündə zəlzələ nəticəsində ən azı 5 413 nəfər öldü, 11 402 nəfər yaralandı.

8 aprel – Dominikan Respublikasının paytaxtı Santo Dominqoda gecə klubunun damının uçması nəticəsində 231 nəfər həyatını itirdi, 200-dən çox insan yaralandı.

21 aprel – 2013-cü ildən bəri katoliklərin ruhani lideri olan Papa Fransisk 88 yaşında vəfat etdi.

6 may – Hindistan və Pakistan arasında silahlı toqquşmalar başladı. Qarşılıqlı raket zərbələri ilə müşayiət olunan gərginlik Donald Trampın müdaxiləsindən sonra atəşkəslə başa çatdı.

8 may – Papa Fransiskin vəfatından sonra keçirilən seçkilərdə amerikalı kardinal XIV Leo Katolik kilsəsinin 267-ci papası oldu.

1 iyun – Ukraynanın Rusiyanın hərbi bazalarına qarşı həyata keçirdiyi “Hörümçək toru əməliyyatı” nəticəsində Rusiya Hərbi Hava Qüvvələrinə məxsus 40-dan çox təyyarə məhv edildi.

12 iyun – “Air India” aviaşirkətinə məxsus sərnişin təyyarəsi havaya qalxdıqdan qısa müddət sonra qəzaya uğradı. Hadisə nəticəsində bir nəfər istisna olmaqla bütün sərnişinlər həlak oldu.

13 iyun – İsrailin İrana hücumu zamanı İnqilab Keşikçiləri Korpusunun rəhbəri Hüseyn Səlami də daxil olmaqla bir sıra yüksək rütbəli hərbi şəxslər öldürüldü. Tehran hücuma raket zərbələri ilə cavab verdi.

22 iyun – İran–İsrail qarşıdurmasına ABŞ da qoşuldu. ABŞ-ın B-2 bombardmançıları İranın Fordo, Natanz və İsfahandakı nüvə obyektlərini vurdu. İran isə ABŞ-ın Yaxın Şərqdəki bəzi hərbi bazalarına zərbələr endirdi.

4 iyul – ABŞ-ın Texas ştatında baş verən güclü sel nəticəsində 135 nəfər həyatını itirdi.

16 iyul – İsrail Hərbi Hava Qüvvələri Suriya Prezident Sarayını və Baş Qərargah binasını bombaladı.

30 iyul – Rusiyanın Kamçatka yarımadası yaxınlığında 8,8 bal gücündə zəlzələ qeydə alındı. Xoşbəxtlikdən ölən və yaralanan olmadı.

8 avqust – ABŞ-ın Vaşinqton şəhərində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Amerika Birləşmiş Ştatları Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan və Ermənistan arasında Birgə Bəyannaməni imzaladılar.

15 avqust – ABŞ Prezidenti Donald Tramp Ukrayna müharibəsinə son qoymaq planını müzakirə etmək üçün Alyaskada Rusiya Prezidenti Vladimir Putinlə görüşdü.

31 avqust – Əfqanıstanın şərqində baş verən 6 bal gücündə zəlzələ nəticəsində 2 200 nəfər öldü, 3 500 nəfər yaralandı.

9 sentyabr – İsrail ordusu Qətərin paytaxtı Dohada yerləşən HƏMAS rəhbərliyini hədəf aldı. Əməliyyat uğursuz oldu.

10 sentyabr – Amerikalı sağçı fəal və Trampın müttəfiqi Çarli Kirk Yuta ştatında universitet kampusunda hücuma məruz qalaraq öldürüldü.

21 sentyabr – Böyük Britaniya, Kanada, Fransa və Avstraliya Fələstini müstəqil dövlət kimi tanıdıqlarını bəyan etdilər.

25 sentyabr – Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-a səfər etdi və Prezident Tramp tərəfindən Ağ Evdə qəbul olundu. Səfər çərçivəsində iki ölkə arasında mühüm razılaşmalar imzalandı.

1 oktyabr – İsrail Qəzzaya humanitar yardım aparan “Qlobal Sumud Donanması”nı beynəlxalq sularda saxlayaraq 47 ölkədən olan 443 fəalı həbs etdi.

10 oktyabr – Venesuelalı müxalif siyasətçi Mariya Korina Maçado “diktaturadan demokratiyaya ədalətli və dinc keçid uğrunda mübarizəyə” görə Nobel Sülh Mükafatına layiq görüldü.

12 oktyabr – Madaqaskarda hərbi çevriliş baş verdi. Prezident Andri Rajoelina vəzifəsindən kənarlaşdırıldı, onun yerinə çevrilişin lideri Maykl Randrianirina gətirildi.

19 oktyabr – Parisdə Luvr Muzeyində işçi paltarı geyinmiş oğrular Apollon Qalereyasından dəyəri təxminən 88 milyon avro olan 8 ədəd Fransa Kral Zərgərlik əşyasını oğurladılar.

19 oktyabr – Quzey Kıprıs Türk Cümhuriyyətində keçirilən prezident seçkilərində Cümhuriyyətçi Türk Partiyasının sədri Tufan Erhürman qalib gəldi və ölkənin 6-cı prezidenti oldu.

11 noyabr – İraqda keçirilən ümumi seçkilərdə mövcud baş nazir Məhəmməd Şiya əs-Sudaninin partiyası qələbə qazandı.

25 noyabr – Birləşmiş Millətlər Təşkilatı açıqlayıb ki, İndoneziyanın paytaxtı Cakarta əhalisi 42 milyon nəfərə çataraq Yaponiyanın paytaxtı Tokionu geridə qoyub və dünyanın ən sıx məskunlaşmış şəhəri statusunu əldə edib.

26 noyabr – Honkonqda bir yaşayış binasında baş verən yanğın nəticəsində 161 nəfər həlak olub. Eyni günlərdə Tailand, Şri-Lanka və İndoneziyaya təsir edən Senyar qasırğası zamanı isə 2 mindən çox insan həyatını itirib.

8 dekabr – Yaponiyanın Sakit okean sahillərində 7,6 bal gücündə zəlzələ qeydə alınıb. Nəticədə hündürlüyü 70 santimetr olan sunami dalğası yaranıb. Hadisə zamanı ölən və yaralanan olmayıb.

14 dekabr – Avstraliyanın Bondi çimərliyində silahlı iki nəfərin həyata keçirdiyi hücum nəticəsində 16 nəfər ölüb, 43 nəfər yaralanıb.

19 dekabr – ABŞ Ədliyyə Nazirliyi pedofiliya şəbəkəsi yaratmaqda ittiham olunduğu halda həbsxanada vəfat etmiş Epsteinə aid sənədlərdəki senzuranı ləğv edərək bütün materialları ictimaiyyətə açıqlayıb.

22 dekabr – Təmaslar üçün Türkiyəyə səfər edən yüksək səviyyəli Liviya hərbi nümayəndə heyəti geri dönüş zamanı təyyarənin havaya qalxdıqdan qısa müddət sonra Ankaranın Haymana rayonu yaxınlığında qəzaya uğraması nəticəsində həlak olub. Heyətin tərkibində Liviya Baş Qərargah rəisi, Liviya Quru Qoşunları Komandanı, Liviya Hərbi Sənaye Qurumu rəhbəri və Baş Qərargah rəisinin müşaviri yer alıb.

Əlihüseyn Salam


media-adspc

Bənzər xəbərlər