2030-a doğru urbanizasiya təhlükəsi: Sosial və iqlim riskləri artır
Qədim yunan filosofu Platon şəhərləri iki hissəyə – varlılar və kasıblar dünyasına bölürdü və bu fikir bu gün də aktuallığını qoruyur.
ERAmedia-nın məlumatına görə, Milli Məclisin sabiq deputatı Etibar Əliyev mövzu ilə bağlı açıqlamasında bildirib ki, müasir urbanizasiya prosesi bu bölgünü daha da kəskinləşdirir.
Onun sözlərinə görə, məşhur sosioloq Mauro Gelyen “2030: Müasir trendlər bir-birilərinə və gələcəyimizə necə təsir edir” kitabında şəhərlərin gələcəkdə qlobal dəyişikliklərin mərkəzinə çevriləcəyini vurğulayır. Deputat qeyd edib ki, hazırda Yer kürəsinin cəmi 1 faizini təşkil edən şəhərlərdə dünya əhalisinin 55 faizi yaşayır və bu göstərici sürətlə artır.
Etibar Əliyev bildirib ki, urbanizasiyanın sürətlənməsi ilə hər həftə şəhər əhalisi təxminən 1,5 milyon nəfər artır:
“Bu artım yeni tikililərin çoxalmasına, ekoloji çirklənmənin genişlənməsinə və parnik qazlarının sürətlə yüksəlməsinə səbəb olur. Artıq 2018-ci ilə qədər əhalisi 10 milyondan çox olan 29 şəhər mövcud idi və 2030-cu ildə bu rəqəmin 43-ə çatacağı gözlənilir”.
Sabiq deputatın fikrincə, şəhər həyatının normaya çevrilməsi ciddi sosial və iqlim problemlərini də qaçılmaz edir:
“Biz yaxın illərdə həm şəhər səfaləti, həm də qlobal istiləşmənin ağır nəticələri ilə üzləşə bilərik. Bu proseslər bir-birini gücləndirir və idarə olunmasa, böyük böhranlara gətirib çıxaracaq”.
Etibar Əliyev çıxışının sonunda vurğulayıb ki, problemin həlli yalnız texnoloji deyil, həm də davranış dəyişikliyi tələb edir:
“İlk növbədə insanlar və cəmiyyətlər öz həyat tərzlərini tənzimləməlidirlər. Əks halda nə sosial bərabərsizlik, nə də iqlim təhlükələri ilə mübarizə mümkün olacaq”.
Vüsalə










