300 kilometr mənzilli həmin silah ilk dəfə görüntüləndi
İspaniyanın müdafiə sənayesi şirkəti Indra, İspaniyada keçirilən Unvex sərgisində 300 kilometrdən artıq mənzili olan “Squall” adlı yeni qanadlı raketi ilk dəfə nümayiş etdirib.
ERAmedia xəbər verir ki, şirkət eyni tədbirdə 130 kilometr mənzilli “Drizzle” adlı yeni PUA sistemini də təqdim edib.
Indra sistemin vahid qiyməti ilə bağlı konkret məlumat açıqlamayıb, lakin “Squall”ın xərc baxımından səmərəli olması xüsusi vurğulanıb. Həm quru, həm də dəniz platformalarına inteqrasiya edilə bilən sistemin məhdud sayda sursatın istifadə olunduğu dəqiq zərbə əməliyyatları ilə yanaşı, düşmənin hava hücumundan müdafiə sistemlərini doyurmağa yönəlmiş kütləvi hücum konsepsiyalarına uyğun hazırlandığı bildirilib.
Bu çərçivədə “Squall”ın düşmən radarlarından yayınmaq məqsədilə alçaq hündürlükdə uça bildiyi qeyd olunur. Bundan əlavə, raket elektron müharibə vasitələrinə, xüsusilə siqnalın qarışdırılması və saxtalaşdırılmasına qarşı davamlı idarəetmə sistemləri ilə təchiz edilə bilər.
Hazırda İspaniya Silahlı Qüvvələrinin bu tip raketlə bağlı rəsmi və ya ictimaiyyətə açıqlanmış tədarük tələbi yoxdur. Bununla belə, dünyada daha kiçik ölçülü hücum silahlarına tələbat artdıqca müdafiə şirkətləri də daha aşağı qiymətli sursatlar hazırlayırlar.
Digər tərəfdən, Indra-nın sərgidə nümayiş etdirdiyi “Drizzle” adlı PUA-nın düşmən PUA-larını zərərsizləşdirmək və 130 kilometrədək məsafədəki yüngül hədəflərə qarşı istifadə olunmaq üçün hazırlandığı bildirilir.
Vural









