media-17924118841563513141_1200x630

Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nəzdində fəaliyyət göstərən Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupunun növbəti iclası Cəbrayıl rayonunda keçirilib.

ERAmedia xəbər verir ki, bu barədə Azərbaycan Minatəmizləmə Agentliyindən (ANAMA) məlumat verilib.

Bildirilib ki, Cəbrayıl rayonuna səfər çərçivəsində ANAMA-nın və İşçi qrupda təmsil olunan müvafiq dövlət qurumlarının nümayəndələri ANAMA tərəfindən Cəbrayıl rayonunun Həsənli kəndi və minatəmizləmə fəaliyyətinə cəlb edilən yerli şirkət tərəfindən Cəbrayıl rayonunun Quycaq kəndi ərazisində icra edilən humanitar minatəmizləmə fəaliyyəti ilə tanış olublar.

İşçi qrupunun üzvləri görülən işlərin gedişatını müşahidə edib, ərazinin relyefinə uyğun tətbiq olunan metod və texnologiyalar barədə məlumatlandırılıblar.

Sahə tanışlığından sonra Cəbrayıl şəhərində İşçi qrupunun növbəti iclası keçirilib.

Agentliyin İdarə Heyətinin sədri, İşçi qrupunun rəhbəri Vüqar Süleymanov iclasda çıxış edərək işğaldan azad olunmuş ərazilərdə mina təhlükəsinin aradan qaldırılması istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətini vurğulayıb. O, minatəmizləmə fəaliyyətinin səmərəli təşkili, aidiyyəti qurumlar arasında koordinasiyalı işin icrası və ərazilərin təhlükəsiz istifadəsinin təmin olunması məqsədilə birgə səylərin vacibliyini qeyd edib. Bildirilib ki, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında 100 min 930 hektar olmaqla, ümumilikdə 308 min 945 hektar ərazi mina və digər partlayıcı sursatlardan təmizlənib. Təmizləmə əməliyyatları nəticəsində 267 min 932 ədəd partlayıcı qurğu aşkar edilərək zərərsizləşdirilib. Təhlükəsizliyin təmin olunması məqsədilə keçmiş təmas xətti boyu mina və digər partlayıcı sursatlarla yüksək səviyyədə çirklənmiş 412 kilometr ərazidə çəpərlənmə işləri həyata keçirilib.

İclasda çıxış edən Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və quruculuq işlərinin uğurla davam etdirilməsində minatəmizləmə fəaliyyətinin mühüm rol oynadığını bildirib. O, torpaqların minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsinin əhalinin təhlükəsizliyinin təmin olunması, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının sürətləndirilməsi, eləcə də infrastruktur və iqtisadi layihələrin səmərəli icrası baxımından xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.

İşçi qrupunun digər üzvləri təmsil etdikləri qurumlar tərəfindən ərazilərin minalardan təmizlənməsi istiqamətində görülmüş işlər barədə məlumat veriblər. İclasda, həmçinin mina təhlükəsi barədə xəbərdarlıq nişanlarına riayət edilməsinin vacibliyi vurğulanıb, çəpərlənmiş ərazilərə müdaxilə hallarının potensial riskləri və mənfi təsirləri və onların qarşısının alınması yolları müzakirə olunub.


media-adspc

Bənzər xəbərlər