media-1761977686_maqnit-qasirgasi-1-740x403

Rusiya Günəş və Yer Fizikası İnstitutunun alimləri qarşıdakı 48 saat ərzində Yerə təsir göstərə biləcək geomaqnit qasırğasının baş verə biləcəyi barədə xəbərdarlıq ediblər.

ERAmedia xəbər verir ki, Rusiya Elmlər Akademiyasının nəzdində fəaliyyət göstərən Günəş və Yer Fizikası İnstitutunun yaydığı məlumata görə, hazırda Yerin geomaqnit vəziyyəti sabit olaraq qalır. Gözlənilən maqnit qasırğası hələ başlamasa da, onun qarşıdakı 48 saat ərzində planetimizə təsir etməyə başlayacağı ehtimal edilir.

İnstitutun hesabatında bildirilir ki, “Son günlər Günəşdən yayılan son dərəcə böyük radiasiya axınına baxmayaraq, Yerin maqnitosferində vəziyyət indiyədək təəccüblü dərəcədə sakit olaraq qalır”.

Mütəxəssislər yaxın vaxtlarda 4478 və 4479 nömrəli aktiv Günəş ləkələri bölgələrində güclü Günəş alışmaları qeydə alıblar. Bildirilir ki, bu alışmalar nəticəsində böyük plazma tullantıları yaranıb və həmin plazma buludlarının Yerə çataraq G2 və ya G3 səviyyəli güclü geomaqnit qasırğasına səbəb ola biləcəyi ehtimal olunur.

Günəş alışmaları yaydıqları rentgen şüalarının intensivliyinə görə A, B, C, M və X olmaqla beş sinfə bölünür. Bu təsnifatda A sinfi ən zəif, X sinfi isə ən güclü alışmaları ifadə edir. Hər növbəti sinfə keçdikcə alışmanın gücü 10 dəfə artır.

Mütəxəssislərin sözlərinə görə, belə geomaqnit qasırğaları elektrik enerji sistemlərində nasazlıqlar yarada, quşların və digər heyvanların miqrasiya marşrutlarına təsir göstərə, rabitə və naviqasiya sistemlərinin fəaliyyətini çətinləşdirə bilər.

Geomaqnit qasırğaları Yerin maqnit sahəsində yaratdığı pozuntuların gücünə görə G1 (zəif) ilə G5 (çox güclü) arasında beş səviyyə üzrə qiymətləndirilir. Alimlərin proqnozuna əsasən, gözlənilən hadisənin G2 və ya G3 səviyyəsində olacağı ehtimal edilir.


media-adspc

Bənzər xəbərlər