72 döyüşçünün həyatını xilas edən Milli Qəhrəman
Bu gün Azərbaycanın Milli Qəhrəmanı Kərəm Mirzəyevin şəhid olduğu gündür.
ERAmedia xəbər verir ki, 1960-cı ildə Qubadlı rayonunun Xanlıq kəndində anadan olan Kərəm Mirzəyev Qarabağ müharibəsi zamanı Qubadlı və Laçın istiqamətlərində gedən döyüşlərdə iştirak edib, Novlu, Seytas, Əyin və digər yaşayış məntəqələrinin azad olunması uğrunda aparılan əməliyyatlarda rəşadət göstərib.
Kərəm Mirzəyevin döyüş yolunda mühüm məqamlardan biri 1992-ci ilin aprelində həyata keçirilən “Laləzar” əməliyyatı olub. Məlumata görə, əməliyyat zamanı erməni silahlı dəstəsinin mövqelərinə zərbə endirilib və dəstənin rəhbərlərindən biri olan Karen döyüş meydanında öldürülüb. Sonradan onun meyitinin azərbaycanlı əsirlərin azad edilməsi məqsədilə dəyişdirildiyi bildirilir.
Milli Qəhrəmanın döyüş yoldaşlarının xatirələrində onun xüsusilə çətin vəziyyətlərdə göstərdiyi cəsarət önə çəkilir. 1992-ci ilin oktyabrında Laçının Mazutlu kəndi istiqamətində baş verən döyüşlər zamanı 72 döyüşçünün mühasirədən çıxarılmasına şərait yaradan Kərəm Mirzəyev düşmən atəşi nəticəsində həyatını itirib.
Döyüşlərdə göstərdiyi şücaətə görə Kərəm Mirzəyev Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Onun adı Qarabağ müharibəsi tarixində Qubadlı və Laçın istiqamətlərində gedən döyüşlərlə, həmçinin döyüşçü yoldaşlarının xilas edilməsi ilə bağlı xatirələrdə yaşayır.
Vüsalə










