media-photo-2026-02-10-15-34-35-1

Azərbaycan Milli Kitabxanasında F.Köçərli adına Respublika Uşaq Kitabxanasının təşkilatçılığı ilə yazıçı İlqar Kamilin “9-cu mərtəbə” adlı sənədli romanının təqdimat mərasimi keçirilib. Kitab 44-günlük Vətən müharibəsi şəhidi tank komandiri, leytenant Murad Nağıyevin qəlbindən süzüb gələn məktubları, yaranmış ağrıları və sonsuz Vətən sevgisini sözə çevirən sənədli romandır. Əsər şəhidin həyat və döyüş yolunu əhatə edən bioqrafik məlumatları təqdim etməklə yanaşı, onun daxili aləmini, xatirələrini və ədəbi yaradıcılığını ətraflı əks etdirir.

ERAmedia xəbər verir ki, tədbir Azərbaycan torpaqlarının müstəqilliyi uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Murad Nağıyevin həyatı, aldığı hərbi təhsil, döyüş yolu və vətən müharibəsində göstərdiyi qəhrəmanlıq şücaəti haqqında məlumat verilib. Çıxışlarda Muradın həm cəsur zabit, həm də həssas qəlbli, istedadlı şair olduğu xüsusi vurğulanıb.

Təqdimatda kitabın müəllifi yazıçı İlqar Kamil, şəhidin qardaşı Orxan Nağıyev, silah yoldaşı
Namiq, Azərbaycan Yazıçılar Birliyinin Gənclər Şurasının sədri Fərid Hüseyn, şairə-publisist və
“Respublika Xatirə Kitabı” redaksiyasının baş redaktoru Nəzakət Məmmədova və Uşaq-Gənclər
İnkişaf Mərkəzinin üzvü Əli Zeynallı çıxış edərək kitabdan Murad Nağıyevin məktublarını
səsləndiriblər. Məktublar şəhidin Vətənə, anasına, dostuna, sevdiyi qıza, və şəhidlik zirvəsinə
həsr olunub və onun daxili aləmini, duyğularını nümayiş etdirib. Çıxışlarda həmçinin Muradın
qəhrəmanlığı, xarakter keyfiyyətləri və şeirləri haqqında fikirlər səsləndirilib, müəllifin kitabda
Muradın həyatı və şəxsiyyətinə səmimi yanaşması xüsusi qeyd olunub.

Tədbirin gedişatında Murad Nağıyevin həyatı, xatirələri və qələmindən çıxan şeirlər videoçarx
formatında nümayiş etdirilib. Həmçinin Yazıçılar Birliyinin katibi, yazıçı, tərcüməçi Səlim
Babullaoğlu və professor İlham Pirməmmədov kitab haqqında düşüncələrini bölüşüblər, Muradın
vətənpərvərlik ruhunu və ədəbi irsini gənclərə çatdırmağın əhəmiyyətini vurğulayıblar.

3 №-li UGİM-in “Çiçəyim” uşaq teatrının və “Azəri inciləri” vokal qrupunun gənc istedadları şeir və
musiqi nömrələri ilə tədbirin bədii hissəsini zənginləşdiriblər. Tədbirin yekununda Respublika
Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova şəhid Murad Nağıyevin ailə üzvləri, şəhid
ailələri və tədbirdə iştirak edən digər qonaqlara göstərdikləri diqqət və iştiraka görə
minnətdarlığını ifadə edib.Tədbirdən sonra müəllifin imza mərasimi təşkil olunub.

Tədbirin keçirilməsində əsas məqsəd şəhid leytenant Murad Nağıyevin qəhrəmanlığını, həyat
yolunu və ədəbi irsini gənc nəsillərə tanıtmaq, vətənpərvərlik hissini gücləndirmək və oxuculara
şəhidlik nümunəsini daha yaxından çatdırmaqdır.

 


media-adspc

Bənzər xəbərlər