"9 yaşından 15 yaşına kimi əlil arabasında qalmışam" - Müğənni
“Bizdə ailə bir qədər sakit olub. Mən uzun illər yataq xəstəsi olmuşam. 9 yaşından 15 yaşına kimi əlil arabasında qalmışam”.
ERAmedia xəbər verir ki, bu sözləri müğənni və aparıcı Ellada Eyvazova dəvət olunduğu televiziya verilişində deyib.
O, ikinci qrup əlillik dərəcəsinin olduğunu bildirib.
“Uşaqlar qaçanda, oynayanda anam ağlayırdı, onun gözünün yaşını silirdim ki, pis olma, onlar qaçır, bir gün mən də onlarla qaçacam. Bir gün yeriyəcəyimə anamdan başqa heç kim inanmırdı. Bir anamın inancı mənim içimdəki inamı itirmədi. Anam mənə dedi ki, gün gələcək, mənə efirdən “sabahın xeyir” deyəcəksən, Analar günümü təbrik edəcəksən. Sən orada aparıcı olacaqsan.
Bakı Musiqi Akademiyasının tələbəsi idim. İllər sonra ayağa qalxanda bir gün yadıma düşdü ki, anama bir söz vermişdim, o istəmişdi məndən.
Rus dilli ailədə böyüdüyüm üçün Azərbaycan dilində danışa bilmirdim. Başladım Azərbaycan dilini öyrənməyə. Öyrənəndən sonra sanki qapılar özü üzümə açıldı. Məni ifaçı kimi dəvət etdilər, ifamı bəyəndilər”, – deyə o bildirib.
Əlihüseyn Salam










