907-ci düzəlişin ləğvi ilə bağlı təşəbbüslər Azərbaycan-ABŞ münasibətlərində mühüm dönüş mərhələsidir - Günay Əfəndiyeva
Son günlərin mühüm siyasi hadisələrindən biri Prezident İlham Əliyevin ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Abraham Hamadeni qəbul etməsi oldu. ABŞ konqresmeni ölkəmizə səfəri çərçivəsində Milli Məclisin Sədri Sahibə Qafarova və xarici işlər naziri Ceyhun Bayramovla da görüşlər keçirdi. Bu görüşlər Azərbaycan-ABŞ münasibətlərində formalaşan yeni dinamikanı və qarşılıqlı maraqları əks etdirir.
ERAmedia xəbər verir ki, bunu Milli Məclisin deputatı, Mədəniyyət Komitəsi sədrinin müavini Günay Əfəndiyeva bildirib.
Deputatın sözlərinə görə, xüsusilə diqqət çəkən məqamlardan biri ondan ibarətdir ki, Abraham Hamade ABŞ Konqresində vaxtilə Azərbaycana qarşı qəbul edilmiş və uzun illər ikitərəfli münasibətlərə mənfi təsir göstərən Azadlığa Dəstək Aktına 907-ci düzəlişin ləğvini nəzərdə tutan qanun layihəsinin həmmüəlliflərindən biridir.
“907-ci düzəliş Azərbaycana münasibətdə ədalətsiz siyasi yanaşmanın təzahürü olub. Lakin bu gün regionda tamamilə yeni reallıqlar formalaşıb. Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib, Cənubi Qafqazda sülhün, sabitliyin və əməkdaşlığın təşəbbüskarı kimi çıxış edir. Bu baxımdan, artıq aktuallığını itirmiş siyasi qərarların yenidən nəzərdən keçirilməsi təbii və zəruri addımdır. ABŞ kimi mürəkkəb siyasi və qanunvericilik sisteminə malik dövlətdə belə dəyişikliklərin qısa müddətdə baş verməsi mümkün deyil. Bunun üçün həm Nümayəndələr Palatasında, həm də Senatda geniş siyasi dəstəyin formalaşması vacibdir. Müxtəlif siyasi baxışlara malik qanunvericilərin mövcudluğu bu prosesin müəyyən zaman tələb etdiyini göstərir”, – deyə deputat bildirib.
Onun fikrincə, artıq bu istiqamətdə təşəbbüslərin irəli sürülməsi Azərbaycan-ABŞ münasibətlərinin konstruktiv inkişaf perspektivlərindən xəbər verir: “Prezident İlham Əliyevin də görüş zamanı vurğuladığı kimi, ABŞ Prezidenti Donald Trampın ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycan-ABŞ əlaqələri uğurla inkişaf edir. Dövlət başçısının Donald Trampa ünvanladığı təbrik məktubunda Vaşinqtonun vasitəçiliyi ilə regionda sülh gündəliyinin irəli aparılması, Azərbaycan və Ermənistan arasında normallaşma prosesinə verilən dəstək, eləcə də Cənubi Qafqazda əməkdaşlıq mühitinin möhkəmləndirilməsi, sabitlik və təhlükəsizliyin təmin olunmasına yönəlmiş təşəbbüslərin əhəmiyyəti xüsusi qeyd edilib”.
Deputat hesab edir ki, Abraham Hamadenin Bakıya səfəri, 907-ci düzəlişin ləğvi istiqamətində aparılan müzakirələr, eləcə də son aylarda ABŞ-nin yüksək səviyyəli rəsmilərinin iştirakı ilə müşahidə olunan intensiv siyasi dialoq iki ölkə arasında münasibətlərin yeni mərhələyə daxil olduğunu göstərən mühüm siyasi siqnallardır.










