ABŞ 35 beynəlxalq təşkilat və BMT-nin 31 qurumundan çıxır
ABŞ prezidenti Donald Tramp Birləşmiş Ştatların Birləşmiş Millətlər Təşkilatına (BMT) daxil olmayan 35 beynəlxalq təşkilatdan və BMT-nin 31 qurumundan çıxması ilə bağlı proklamasiya imzalayıb.
ERAmedia xəbər verir ki, “Reuters” agentliyinin məlumatına görə, həmin qurumlar “ABŞ-ın milli maraqlarına zidd fəaliyyət göstərməkdə” ittiham olunur.
Ağ Ev sözügedən təşkilatların adlarını açıqlamayıb. Bununla belə, bəyanatda bildirilib ki, bu qurumlar “radikal iqlim siyasətini, qlobal idarəetməni və ABŞ-ın suverenliyi və iqtisadi gücü ilə ziddiyyət təşkil edən ideoloji proqramları” təbliğ edirlər.
Ağ Evdən verilən açıqlamada qeyd olunub ki, bu addım Amerika vergiödəyicilərinin ABŞ-ın prioritetlərindən üstün tutulan qlobalist gündəmləri təşviq edən təşkilatların maliyyələşdirilməsində və fəaliyyətində iştirakına son qoyacaq. “ABŞ vergiödəyicilərinin vəsaitləri müvafiq missiyaların dəstəklənməsi üçün daha səmərəli şəkildə yönəldilə bilər”, – deyə açıqlamada vurğulanıb.
“Reuters” xatırladır ki, Tramp ikinci prezidentlik dövrünün əvvəlindən etibarən ABŞ-ın BMT-yə ayırdığı maliyyənin azaldılmasına çalışır, BMT-nin İnsan Hüquqları Şurası ilə əməkdaşlığı dayandırıb, BMT-nin Fələstinli Qaçqınlara Yardım Agentliyinin (UNRWA) maliyyələşdirilməsinin dayandırılmasını davam etdirib və BMT-nin Mədəniyyət üzrə agentliyi olan UNESCO-dan çıxmaq qərarı verib.
Bundan əlavə, Tramp Ümumdünya Səhiyyə Təşkilatından və Paris İqlim Sazişindən çıxmaq planlarını da açıqlayıb.
Vüsalə









