ABŞ-da iki sui-qəsd cəhdi: Tarix təkrar olunur?
ABŞ Prezidenti Donald Trampın iştirak etdiyi Ağ Ev Müxbirləri Assosiasiyasının şam yeməyində atəş açan şəxsin Kaliforniyadan olan 31 yaşlı Koul Allenin Demokratlar Partiyasının tərəfdarı olduğu bildirilir.
Eynilə, 30 mart 1981-ci ildə “Vaşinqton Hilton” otelində prezident Ronald Reyqanın iştirak etdiyi tədbirdə atəş açan Con Hinkli də hücum zamanı Demokratlar Partiyasının tərəfdarı idi.
Trampın iştirak etdiyi tədbirdə atəş açan K. Allen 2017-ci ildə Kaliforniya Texnologiya İnstitutundan məzun olub. Reyqana atəş açan Con Hinkli isə Texas Texnologiya Universitetində müəyyən fasilələrlə təhsil alıb.
Hər iki hadisədə hücumu planlayan şəxslər tək hərəkət ediblər.
Reyqana sui-qəsdi planlayan şəxs qəzet və jurnallardan ibarət məlumat bazası toplamışdısa, Trampa hücum edən şəxsin rəqəmsal informasiyalardan ibarət faylları olub.
Polis və FTB Allenin kompüterində 1981-ci il hadisəsinin videolarını, “Vaşinqton Hilton”un memarlıq planlarını və Hinklinin məhkəmə ifadələrini tapıb.
Con Hinklinin hadisədən sonra psixi pozuntusu olduğu məhkəmə tərəfindən rəsmi şəkildə təsdiqlənmişdi. Koul Allen də hadisədən dərhal sonra xəstəxanada psixoloji müayinəyə götürülüb. Onun hərəkətləri də eyni maddə ilə qiymətləndirilir.
Hinkli barədə yazılanlara görə, o, cəmiyyətdən uzaqlaşan, dostu olmayan və vaxtının çoxunu tək keçirən bir gənc idi. O, real dünyadan çox filmlər və xəyallarla yaşayırdı.
Allen isə video oyun tərtibatçısı idi. O, Steam platforması üçün kimya əsaslı oyun hazırlamışdı və son dövrlərdə silahlı hücumları əks etdirən oyunları 1,99 dollara yükləmə proqramlarında satışa çıxarırdı.
Bu vəziyyət Hinklinin özünü “Taksi sürücüsü” filminin qəhrəmanı hesab etməsi ilə müəyyən oxşarlıq təşkil edir – hər ikisi reallıqla virtual və ya kino dünyası arasında özlərini axtarırdılar.
Hinkli hadisədən əvvəl həmin ərazidəki otellərdə qalmışdı. Allen isə “Vaşinqton Hilton”un özündə otaq kirayələmişdi.
31 yaşlı Allen haqqında Qərb mediasının yazdığına görə, əvvəllər “ayın müəllimi” seçilməsinə baxmayaraq, son dövrlərdə onun daha qapalı həyat sürməsi və fərdi şəkildə hərəkət etməsi diqqət çəkirdi.
Hadisə filmləri xatırladır: ilk gülləni Trampın mühafizəçisi alıb, zirehli gödəkcə onu xilas edib. Reyqanın mühafizəçisi Timoti Makkarti də ilk gülləni alan şəxs idi. Reyqana güllə birbaşa dəyməmiş, rikoşetlə ağciyərinə daxil olmuşdu. Allenin atdığı güllə də rikoşetlə mühafizəçiyə dəyib.
Hər iki hadisə ABŞ-da siyasi gərginliyin yüksək olduğu dövrdə baş verib. 1981-ci ildə Reyqan yeni seçilmişdi və ölkə soyuq müharibənin gərginliyini yaşayırdı. 2026-cı ildə isə Trampın apardığı siyasət fonunda ABŞ-da siyasi mühit daha da kəskinləşib.
Birinci hadisədən sonra Reyqan bunu bəhanə edərək media ilə bağlı siyasətində dəyişiklik etmiş, jurnalistlərlə açıq görüşlərdən yayınmışdı. İndi isə Trampın da medianın təzyiqlərindən yayınmağa çalışacağı ehtimal olunur.
Zaur Əliyev









