ABŞ-da polis bir qadını güllələyərək öldürdü - VİDEO
ABŞ-ın Minneapolis şəhərində Miqrasiya və Gömrük Mühafizəsi Xidmətinin (ICE) əməkdaşları bir qadını güllələyərək öldürüblər.
ERAmedia xəbər verir ki, internetdə yayılan videolarda 37 yaşlı qadının yolu bağladığı, ICE əməkdaşlarının isə ona yaxınlaşaraq avtomobilin qapısını açmasını və çölə çıxmasını əmr etdikləri görünür. Qadın avtomobili irəli sürdükdə maşının önündə dayanan digər ICE əməkdaşı silahını çıxararaq yaxın məsafədən avtomobilə atəş açır. Qadının avtomobili bir neçə metr irəlidə dayanmış iki maşına çırpıldıqdan sonra dayanır.
ABŞ-ın Daxili Təhlükəsizlik naziri Kristi Noem hadisəni “daxili terror aktı” adlandıraraq qadının avtomobillə ICE əməkdaşını əzməyə çalışdığını iddia edib.
ABŞ Prezidenti Donald Tramp da bu mövqeyi dəstəkləyərək ICE-nin fəaliyyətini müdafiə edib və qadını “peşəkar təxribatçı” kimi xarakterizə edib.
Minneapolis şəhərinin meri Ceykob Frey isə federal hökumətin iddiaları ilə razılaşmayaraq ICE əməkdaşlarını şəhərdə xaos yaratmaqda ittiham edib və onların Minneapolisi tərk etməsinə çağırıb.
O əlavə edib ki, ICE-nin fəaliyyəti Amerikada təhlükəsizliyi təmin etmir, əksinə xaos və güvənsizlik yaradır, ailələri parçalayır.
CNN-ə verdiyi ayrıca müsahibədə Frey qeyd edib ki, qadının kimisə əzmək niyyəti açıq şəkildə görünmür, əksinə qaçmağa çalışdığı aydın sezilir və bu vəziyyət güc tətbiqini əsaslandırmır.
ABŞ-ın vitse-prezidenti Kamala Harrisin keçmiş seçki kampaniyası yoldaşı olan Minnesota ştatının qubernatoru Tim Uolz da hadisəni tənqid edərək bunu “təbliğat maşınının” bir hissəsi kimi dəyərləndirib.
Minnesota Şəhər Şurası ölən qadının 6 yaşlı uşaq anası olan 37 yaşlı Rene Nikol Qud olduğunu açıqlayıb. Şura bildirib ki, qadın “səhər saatlarında qonşularına kömək etmək üçün evdən çıxıb və bu gün federal hökumətin əli ilə həyatını itirib”.
Çərşənbə günü Minneapolisdə toplaşan yüzlərlə insan həm ICE reydlərinə, həm də Tramp administrasiyasının miqrantlara qarşı sərt siyasətinə etiraz edib.
Vural









