ABŞ-da “Şlyapalı pişik” kabusu: Həyəcan siqnalı verildi
ABŞ-da uşaq kitablarının tanınmış müəllifi Dr. Seussun məşhur “Şlyapalı pişik” obrazının gecə saatlarında küçələrdə dolaşdığı, evləri və məktəbləri izlədiyi, avtomobillərin üzərindən balkonlara baxdığı qorxunc videolar ölkədə ciddi narahatlıq yaradıb.
ERAmedia xəbər verir ki, süni intellektlə hazırlanmış bəzi videolarla əlaqələndirilən paylaşımlarda məktəb və şagird adlarının, konkret məkanların və təhdid kimi qiymətləndirilən ifadələrin yer alması ABŞ-da məktəbləri və təhlükəsizlik qüvvələrini valideyn və şagirdlərə xəbərdarlıq etməyə vadar edib.
Qorxunc “Şlyapalı pişik” videolarında obrazın qaranlıq versiyası nümayiş etdirilir. Görüntülər sanki təhlükəsizlik kameraları tərəfindən qeydə alınıbmış və ya obraz gecə saatlarında yaşayış məhəllələrində dolaşarkən lentə alınıbmış kimi hazırlanıb.
Səlahiyyətli şəxslərin sözlərinə görə, bəzi paylaşımlarda obrazın müəyyən şəhərə və ya məktəbə gələcəyinə dair üstüörtülü xəbərdarlıqlar yer alıb. Digər məzmunlarda isə konkret məkanların və şəxslərin adları göstərilib. Bu isə paylaşımların xarakteri və onların şagirdlər arasında yayılması ilə bağlı narahatlığı artırıb.
ABŞ-ın Tennessi ştatında Daxili Təhlükəsizlik Ofisinə bağlı Təhdidlərin Qiymətləndirilməsi Mərkəzi akımın ştatdakı şagird və məktəbləri hədəf almağa başlamasından sonra vəziyyəti izlədiyini açıqlayıb. Mərkəz sözügedən məzmunların süni intellektlə hazırlanmış narahatedici video və görüntülərdən ibarət olduğunu bildirib.
Arkanzas ştatındakı məktəblər də akımla əlaqəli süni intellekt məhsulu olan videolarla üzləşib. Bunların arasında Karlaysdakı bir məktəbin şagirdləri ilə bağlı paylaşım da olub. Məktəb rəhbərliyi həmin məzmunun zorakılıq təhdidi kimi şərh edilə biləcəyini bildirib.
Paylaşımların yayılmasından sonra təhlükəsizlik qüvvələri və məktəb rəhbərlikləri valideyn və şagirdlərdən bu cür məzmunların daha geniş yayılmasına kömək etməməyi istəyib. Səlahiyyətlilər narahatlıq doğuran paylaşımları yenidən paylaşmaq əvəzinə, onların hüquq-mühafizə orqanlarına bildirilməsini tövsiyə edib.
Kolorado ştatında polis akımla əlaqəli bir paylaşımın West Middle School və Grand Junction bölgəsindəki digər bəzi məkanlara yönəlmiş təhdidlərlə əlaqələndirilməsindən sonra 14 yaşlı şagirdi nəzarətə götürüb.
Polis bildirib ki, paylaşım səbəbindən ehtiyat tədbiri olaraq iki məktəbin ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib. Aparılan araşdırmadan sonra şagirdlər, məktəb əməkdaşları və ya ərazi sakinləri üçün etibarlı və konkret təhdidin olmadığı müəyyənləşdirilib.
14 yaşlı şagird təhsil müəssisələrində çalışanların və şagirdlərin fəaliyyətinə müdaxilə etməkdə şübhəli bilinərək nəzarətə götürülüb və daha sonra sərbəst buraxılıb.
Vüsalə










