media-75ff12e5-c8ee-47fd-a15d-15f98ed8f214

ABŞ Dəniz Piyadələrinin (Marines) Karaçidəki ABŞ konsulluğuna edilən basqın zamanı etirazçılara atəş açdığı iddiası Pakistanda artan etirazlar fonunda gərginliyi daha da yüksəldib.

ERAmedia-nın məlumatına görə, ABŞ-dan iki rəsmi şəxs bildirib ki, həftəsonu Pakistanın cənubunda yerləşən Karaçi şəhərindəki ABŞ Konsulluğuna hücum zamanı ABŞ Dəniz Piyadələri etirazçılara atəş açıb.

Diplomatik nümayəndəlikdə nadir hallarda müşahidə olunan bu cür güc tətbiqinin, İranın ali dini lideri Əli Xameneinin hava hücumu nəticəsində öldürülməsinə qarşı keçirilən kütləvi aksiyalar fonunda ölkədə vəziyyəti daha da gərginləşdirə biləcəyi qeyd olunur.

Bazar günü Xameneinin İrana qarşı həyata keçirilən hava hücumları zamanı öldürülməsindən sonra yüzlərlə etirazçı konsulluğun xarici divarını aşmağa çalışıb. Hadisə nəticəsində 10 nəfərin öldüyü bildirilir. Etirazçılar binaya daxil olmağa cəhd edib, polis isə kütləni dağıtmaq üçün gözyaşardıcı qaz və səs qumbaralarından istifadə edib. ABŞ Konsulluğu istiqamətində irəliləyən yüzlərlə şəxslə təhlükəsizlik qüvvələri arasında yenidən toqquşmalar baş verib.

Sosial şəbəkələrdə yayılan görüntülərdə gənclərin konsulluğun əsas binasının şüşələrini sındırdığı, tikanlı məftillərlə əhatə olunmuş ərazidə ABŞ bayrağının dalğalandığı əks olunub. Etirazçılar ABŞ, İsrail və onların müttəfiqlərinə qarşı şüarlar səsləndiriblər.

İlkin məlumatlara görə, ABŞ rəsmiləri dəniz Piyadalarının açdığı atəşin kiməsə dəyib-dəymədiyinin və ya ölümə səbəb olub-olmadığının hələlik dəqiqləşdirilmədiyini bildiriblər. Həmçinin diplomatik nümayəndəliyi qoruyan digər qüvvələrin, özəl mühafizə şirkətlərinin və ya yerli polisin atəş açıb-açmadığı da məlum deyil. Bu hadisə ABŞ rəsmilərinin dəniz piyadalarının etirazçılara atəş açdığını ilk dəfə təsdiqləməsi kimi qiymətləndirilir.

Bölgə hökumətinin sözçüsü Sukhdif Asardas Hemanani isə atəşin “təhlükəsizlik personalı” tərəfindən açıldığını deyib, lakin onların hansı quruma bağlı olduğunu açıqlamayıb.

Adətən ABŞ-ın diplomatik missiyalarında gündəlik təhlükəsizlik fəaliyyəti özəl mühafizə şirkətləri və yerli təhlükəsizlik qüvvələri tərəfindən həyata keçirilir. Lakin dəniz piyadalarının hadisəyə cəlb olunduğunun təsdiqlənməsi konsulluğun təhlükə səviyyəsini nə qədər ciddi qiymətləndirdiyini göstərir.

Pakistan İrandan sonra dünyada ikinci ən böyük şiə əhaliyə malik ölkədir. Tehrana qarşı hava hücumlarına etiraz olaraq ölkə daxilində aksiyaların genişlənməsi fonunda bazar ertəsi ümummilli toplantılar qadağan edilib. Ölkə üzrə baş verən hadisələrdə 26 nəfərin həyatını itirdiyi barədə məlumatlar yayılıb.

ABŞ dəniz piyadaları ünvanlanan sualları ABŞ ordusuna, ordu isə Dövlət Departamentinə yönləndirib. Dövlət Departamenti isə şərh sorğusuna cavab verməyib.

Şiə liderlər ölkə üzrə tətbiq edilən etiraz qadağasına baxmayaraq, Lahor və Karaçidə yeni aksiyalara çağırış ediblər.

ABŞ-ın Pakistandakı səfirliyi paytaxt İslamabadda yerləşir. Bundan əlavə, Peşaver və Lahorda da ABŞ konsulluqları fəaliyyət göstərir. Karaçidəki ABŞ Konsulluğuna gedən yollar bağlanıb və əraziyə əlavə polis qüvvələri cəlb olunub. Oxşar təhlükəsizlik tədbirləri Lahor və İslamabaddakı ABŞ diplomatik nümayəndəlikləri ətrafında da tətbiq edilib.


media-adspc

Bənzər xəbərlər