media-fb147d24-5e87-4946-9007-b3c1b6298af5
media-bant_master

ABŞ hökumətinin hazırladığı gizli hesabatda Vaşinqton ilə Pekin arasında Tayvan mərkəzli mümkün müharibə ssenarisi araşdırılıb.

ERAmedia xəbər verir ki, “Overmatch Brief” (“Üstünlük hesabatı”) adlı sənəddə Çinin belə bir münaqişədə üstünlüyü ələ keçirəcəyi, ABŞ-ın isə ciddi hərbi və strateji itkilər yaşayacağı qeyd olunub.

Hesabatda Çinin hərbi potensialını sürətlə artırdığı və xüsusilə aşağı maliyyəli, lakin sayca çox silah sistemləri istehsal etmək qabiliyyətinə sahib olduğu diqqətə çatdırılıb.

Gizli sənəddə ABŞ ordusunun yüksək maliyyətli və texnoloji baxımdan mürəkkəb silah sistemlərinə həddindən artıq asılı olduğu vurğulanıb. Əksinə, Çin daha ucuz, lakin sayca üstün sistemlər istehsal etməklə döyüş meydanında üstünlük əldə edir.

Bu vəziyyətin uzunmüddətli və intensiv münaqişədə ABŞ-ın davamlılığını zəiflədəcəyi qeyd olunub.

İngiltərənin “The Telegraph” qəzetinə görə, hesabatı nəzərdən keçirən və adı açıqlanmayan ABŞ milli təhlükəsizlik rəsmi dəyərləndirmə qarşısında ciddi narahatlıq hiss edib.

Rəsmi bildirib ki, hesabat Çinin ABŞ-ın mümkün bütün strateji addımlarına qarşı ehtiyat və alternativ hərbi sistemlər hazırladığını ortaya qoyub.

Hesabatda ABŞ-ın ən inkişaf etmiş avia-daşıyıcılarından biri olan “USS Gerald R. Ford” haqqında da diqqətçəkən məqamlar yer alıb. Dəyərləndirmədə bu gəminin Çinin sualtı qayıqları və hipersonik raketlərinə qarşı müdafiəsiz qala biləcəyi vurğulanıb.

Hərbi xərclərin təhlil edildiyi bölümdə isə ABŞ-ın silah istehsal potensialı tənqid olunub. “ABŞ son illərdə silah istehsalında Çinlə rəqabət apara bilmir. Aşağı istehsal sürəti və yüksək maliyyə Pentaqonun mürəkkəb silahlarını kütləvi şəkildə istehsal etməsinə mane olur”, – hesabatda deyilir.

Bu vəziyyətin mümkün müharibədə ABŞ-ın sursat və hərbi platformaların yenilənmə sürətini ciddi şəkildə məhdudlaşdıracağı qeyd edilib.

Vural Həsənoğlu


media-adspc

Bənzər xəbərlər