ABŞ-ın viza vermədiyi ölkədən boykot QƏRARI
İrana futbol nümayəndə heyəti üçün məhdud sayda viza verilməsi səbəbindən İran cümə günü ABŞ-da keçiriləcək Dünya Çempionatı-2026 püşkatmasını boykot etməyi planlaşdırdığını açıqlayıb.
ERAmedia xəbər verir ki, “Tehran Times” qəzetinin məlumatına görə, ABŞ İran heyətinə cəmi dörd viza verib. Lakin İran Futbol Federasiyasının prezidenti Mehdi Tac üçün viza təsdiqlənməyib.
Tac məsələ ilə bağlı FIFA prezidenti Canni İnfantino ilə danışdığını bildirib.
O, İran televiziyasına verdiyi müsahibədə deyib: “Seçimlərimizi dəyərləndiririk, bunlar zamanlama və mövcud şərtlərdən asılı olacaq.”
“İran Xarici İşlər Nazirliyi və digər aidiyyəti qurumlarla sıx təmasdayıq və lazımi qərarı uyğun zamanda verəcəyik. Federasiya İdarə Heyətinin mövcud mövqeyi ondan ibarətdir ki, bütün vizalar verilmədən heç kim tədbirdə iştirak etməyəcək”, – deyə o bildirib.
Püşkatma dekabrın 5-də Vaşinqtonda, Bakı vaxtı ilə saat 20:00-da keçiriləcək.
İran ardıcıl dördüncü dəfə futbol üzrə Dünya Çempionatının final mərhələsinə vəsiqə qazanıb.
Dünya Çempionatına Kanada və Meksika ilə birlikdə ev sahibliyi edəcək ABŞ uzun müddətdir siyasi və təhlükəsizlik səbəblərinə görə iranlılara qarşı sərt viza məhdudiyyətləri tətbiq edir.
İyun ayında ABŞ prezidenti Donald Tramp təhlükəsizlik risklərini idarə etmək məqsədilə 12 ölkənin vətəndaşlarının ölkəyə girişini qadağan edən sərəncam imzalayıb.
İran da qadağadan təsirlənən ölkələr arasındadır. Lakin sərəncamın Dünya Çempionatı və 2028-ci il Olimpiadasına səfər edən idmançılar və məşqçiləri istisna etməsi nəzərdə tutulur.
“Bizə elə gəlir ki, məsələ siyasiləşdirilib. FIFA prezidenti cənab İnfantinoya vəziyyətin siyasi xarakter daşıdığını çatdırdıq. FIFA-nın bu cür davranışlara qarşı mövqe ortaya qoymalı olduğuna inanırıq”, – deyə İran Futbol Federasiyasının prezidenti bildirib.
Vural Həsənoğlu









