media-1672128863_vva

ABŞ-da güclü qar yağmasıı və kəskin şaxtalar gətirən fırtına səbəbindən 24 ştatda fövqəladə vəziyyət rejimi elan edilib.

ERAmedia xəbər verir ki, ölkə üzrə təxminən 1 milyon sakin elektrik enerjisiz qalıb, ABŞ-ın şərq hissəsində nəqliyyat əlaqələri ciddi şəkildə pozulub.

Bazar günü hava şəraiti ilə əlaqədar 10 mindən çox aviareys ləğv edilib, daha 930-dan çox reys gecikdirilib.

ABŞ-da elektrik enerjisinin kəsilməsini izləyən saytın məlumatına görə, hazırda 1 milyondan artıq abonent işıqsızdır. Ən çox zərər çəkən ştatlar Tennessi, Missisipi, Luiziana və Texasdır.

Sinoptiklərin proqnozlarına əsasən, güclü qar Ohayo çayı vadisindən ABŞ-ın şimal-şərqinə qədər geniş ərazini əhatə edəcək. Ölkənin cənubunda isə buzlanma nəticəsində elektrik xətləri qırılır, ağaclar aşır.

Xüsusilə Texasın şimal bölgələrində yaşayan sakinlər küçələrin sürüşkən buz örtüyünə çevrildiyini bildirirlər.

Arkanzas, Corciya, Texas, Şimali Karolina və Cənubi Karolina da daxil olmaqla 24 ştatın hakimiyyət orqanları fövqəladə vəziyyətin elan edilməsini fırtınadan sonra qaçılmaz olacaq genişmiqyaslı bərpa və təmizləmə işlərinə əvvəlcədən hazırlaşmaq zərurəti ilə izah ediblər.

Meteoroloqların bildirdiyinə görə, qar yağışı bazar günü və bazar ertəsi gecəsinə qədər davam edəcək. Bundan sonra isə rekord dərəcədə uzun sürəcək güclü soyuqlar, buzlu yağışlar və şiddətli küləklər gözlənilir ki, bu da fövqəladə xidmətlərin işini xeyli çətinləşdirir.

ABŞ Milli Meteorologiya Xidmətinin (NWS) açıqlamasında deyilir ki,
qar və sulu qar gələn həftəyə qədər davam edəcək, təkrar donma isə səthləri uzun müddət sürüşkən və avtomobil idarəetməsi, eləcə də piyada hərəkəti üçün təhlükəli edəcək.

Gözləntilərə görə, 200 milyondan çox amerikalı anomal hava şəraitinin təsirləri ilə üzləşəcək.

Milli Meteorologiya Xidmətinin məlumatına əsasən, fırtına ölkənin böyük hissəsindən keçəcək və dağıdıcı nəticələrə səbəb olacaq.

ABŞ-ın nəqliyyat qurumları, o cümlədən bir neçə iri şəhərin hava limanı administrasiyaları nəqliyyatda qaçılmaz iflic olacağı barədə xəbərdarlıq ediblər.

Ölkə üzrə ərzaq mağazalarının rəfləri sürətlə boşalır, bir çox bölgədə sakinlər yaxın günlərdə evlərində xarici aləmdən təcrid oluna biləcəklərinə hazırlaşırlar.

Milli Meteorologiya Xidmətinin Yağıntı Proqnozu Xidmətinin məlumatına görə, 30 santimetrdən çox qar yağa biləcək ərazilər Koloradodan Qərbi Virciniya vasitəsilə Bostonadək uzanır.

Şimal-şərqi Nyu-Cersinin və Nyu-York ştatının cənub-şərqinin bəzi rayonlarında, o cümlədən Nyu-York şəhərində 25–36 sm qar gözlənilir. Güclü qar yağışları həmçinin Memfis, Neşvill, Vaşinqton (Kolumbiya dairəsi), Baltimor və Filadelfiyaya da təsir edib.

Vural


media-adspc

Bənzər xəbərlər