ABŞ–İran danışıqları başlayır: Nüvə proqramı gündəmdə - ŞƏRH
Omanda keçirilməsi planlaşdırılan danışıqlar masası İranla ABŞ arasında səkkiz aylıq fasilədən sonra baş tutacaq ilk birbaşa görüş olacaq.
ERAmedia xəbər verir ki, İran və ABŞ Tehranın nüvə proqramını müzakirə etmək üçün bu gün Omanda danışıqlara başlamağa hazırlaşır. Görüşlər region ölkələrinin də iştirakı ilə Türkiyədə keçirilməsi ehtimalının gündəmə gəldiyi, lakin qeyri-müəyyənliklərlə müşayiət olunan bir həftədən sonra planlaşdırılıb.
Danışıqlar masası İranla ABŞ arasında səkkiz ay sonra keçiriləcək ilk üzbəüz görüş olacaq.
Tərəflər iyun ayında İsrailin İrana qarşı başladığı və 12 gün davam edən müharibədən sonra aparılan, lakin nəticəsiz qalan təmaslardan aylar sonra yenidən Omanda bir araya gəlir. Ərəb yarımadasının şərqində yerləşən Oman daha əvvəl də iki ölkə arasında dolayı təmaslara ev sahibliyi edib.
Müharibə zamanı ABŞ İranın nüvə obyektlərini bombalamış, bu hücumların uranı silah səviyyəsinə yaxın təmizlikdə zənginləşdirən çoxsaylı sentrifuqaları məhv etmiş ola biləcəyi bildirilmişdi. İsrailin zərbələri isə İranın hava hücumundan müdafiə sistemlərinə ciddi ziyan vurmuş, ballistik raket potensialını hədəf almışdı.
Görüşlərin əhatə dairəsi, xarakteri və iştirakçıları Maskatda başlanmasına saatlar qalmış hələ də dəqiqləşməyib.
İranın dövlət agentliyi IRNA-nın məlumatına görə, İranın xarici işlər naziri Abbas Əraqçi gecə saatlarında çoxsaylı diplomatlarla birlikdə Maskata gəlib.
Əraqçi “X” sosial şəbəkəsindəki paylaşımında bildirib ki, “İran diplomatiyaya açıq gözlərlə və keçən ilin dərslərini unutmadan daxil olur”.
“Öhdəliklər yerinə yetirilməlidir. Bərabər status, qarşılıqlı hörmət və ortaq maraqlar şüar deyil, zərurətdir və dayanıqlı razılaşmanın əsas sütunlarını təşkil edir”, – deyə o əlavə edib.
ABŞ tərəfində danışıqlara Yaxın Şərq üzrə xüsusi nümayəndə Stiv Uitkoffun rəhbərlik edəcəyi gözlənilir. Uitkoffa Yaxın Şərq səfərində Donald Trampın kürəkəni Cared Kuşner də yoldaşlıq edir. Kuşner son həftələrdə Qəzza zolağı ilə bağlı təkliflər səsləndirib və Əbu-Dabidə Rusiya ilə Ukrayna arasında keçirilən üçtərəfli görüşlərdə iştirak edib.
“Al Jazeera”nin məlumatına görə, iki rəsmi şəxs cümə axşamı gecə Əbu-Dabidən Qətərə keçərək yerli rəsmilərlə görüşlər aparıb. İranla Fars körfəzində ortaq açıq dəniz qaz yatağına sahib olan Qətər, eyni zamanda iyun ayındakı müharibə zamanı İranın hücum etdiyi mühüm ABŞ hərbi bazasına ev sahibliyi edir.
İranın danışıqlarda hansı şərtlər üzərində bazarlıq aparacağı hələ də qeyri-müəyyən olaraq qalır. Tehran bu görüşlərin yalnız nüvə proqramı ilə məhdudlaşacağını bildirir. Lakin “Əl-Cəzirə” telekanalının məlumatına görə, Misir, Türkiyə və Qətərdən olan diplomatlar İrana üç il ərzində uranın zənginləşdirilməsini dayandırmaq, yüksək səviyyədə zənginləşdirilmiş uranı ölkə xaricinə göndərmək və “ballistik raketlərdən istifadə etməmək” öhdəliyi götürmək təklifini çatdırıblar.
Rusiya uranı qəbul etməyə hazır olduğunu bildirmişdi. Ancaq İran Milli Təhlükəsizlik Ali Şurasının katibi Əli Şamxani bu həftə verdiyi müsahibədə proqramın dayandırılmasının və ya uranın ölkə xaricinə göndərilməsinin İran üçün mümkün olmadığını deyib.
Digər tərəfdən, danışıqlarda İranın özünün “Müqavimət Oxu” adlandırdığı və bölgədə İsrailə və ABŞ-yə qarşı çəkindirici rol oynayan silahlı qruplar şəbəkəsi ilə bağlı hər hansı öhdəliyin yer almadığı bildirilir. Lakin İsrailin Qəzza zolağında HƏMAS-a qarşı apardığı müharibə zamanı bu şəbəkəyə yönəlmiş hücumlar təşkilatlanmanı xeyli zəiflədib.
ERAmedia Analitik Qrupu










