ABŞ ordusu Hörmüz boğazı üçün hərəkətə keçdi
ABŞ Hörmüz boğazındakı ticarət gəmilərinin hərəkətinə hərbi dəstək planını rəsmi şəkildə həyata keçirməyə başlayır.
ERAmedia xəbər verir ki, ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) boğazdan keçmək istəyən ticarət gəmilərinə dəstək göstərmək məqsədilə başladılan yeni missiya çərçivəsində genişmiqyaslı hərbi yerləşdirmə aparılacağını açıqlayıb.
Açıqlamada qeyd olunub ki, bu missiya beynəlxalq ticarət baxımından kritik əhəmiyyətə malik olan bu dar su yolundan sərbəst keçmək istəyən gəmilərə dəstək verməyi hədəfləyir. Bununla da bölgədə artan gərginlik səbəbilə gözləmədə qalan ticarət gəmilərinin daha təhlükəsiz şəkildə hərəkət etməsi təmin olunacaq.
CENTCOM “X” sosial media platforması üzərindən yaydığı məlumatda prezident Donald Trampın bu gün verdiyi açıqlamaya istinad edərək Hörmüz boğazından keçəcək gəmilərlə bağlı məlumat paylaşıb.
“Bu missiya həyati əhəmiyyətə malik beynəlxalq ticarət dəhlizindən sərbəst keçmək istəyən ticarət gəmilərinə dəstək göstərəcək”, – deyə açıqlamada bildirilibş
Qeyd olunub ki, bu çərçivədə 15 min hərbi qulluqçu, 100-dən çox quru və dəniz vasitəsi, eləcə də idarə olunan raketlərlə təchiz edilmiş esmineslər vasitəsilə prosesə hərbi dəstək veriləcək. CENTCOM komandanı admiral Bred Kuper bildirib ki, “(İrana qarşı) dəniz blokadasını davam etdirərkən bu müdafiə missiyasına verdiyimiz dəstək regional təhlükəsizlik və qlobal iqtisadiyyat üçün həyati əhəmiyyət daşıyır”.
ABŞ Dövlət Departamentinin ötən həftə yaydığı açıqlamada isə Hörmüz boğazında dəniz təhlükəsizliyini gücləndirmək məqsədilə beynəlxalq koalisiyanın formalaşdırılması istiqamətində addımlar atıldığı və Pentaqonun da bu prosesə dəstək verəcəyi vurğulanmışdı.
Prezident Donald Tramp bildirib ki, bu gündən etibarən Hörmüz boğazında qalan və Yaxın Şərqdəki böhranla əlaqəsi olmayan “neytral” ölkələrə məxsus gəmilərin keçidinə yardım ediləcək.
“İrana, Yaxın Şərqə və ABŞ-nin maraqlarına uyğun olaraq bu ölkələrə gəmilərini bu məhdud boğazdan təhlükəsiz şəkildə çıxaracağımızı, beləliklə onların fəaliyyətlərini sərbəst və problemsiz davam etdirə biləcəklərini bildirdik”, – deyə Tramp bildirib.
Hər hansı konkret ölkənin adını çəkməyən Tramp bu ölkələri “Yaxın Şərqdə baş verənlərlə heç bir əlaqəsi olmayan dünyanın müxtəlif bölgələrindən olan ölkələr” kimi xarakterizə edib və əməliyyatın əsasən humanitar məqsəd daşıdığını qeyd edib.
Vural









