media-1770373713503-4s2h4-88ff56c05f4610b1d033c4cb30b72ba10e659f3bac9e0c639a748858c71d28ff

ABŞ martın ortalarınadək Yaxın Şərqdə yerləşdirilmiş bütün qüvvələrini bir nöqtədə cəmləşdirməyi planlaşdırır. Bu isə prezident Donald Trampa İrana genişmiqyaslı zərbə endirmək imkanı yarada bilər.

ERAmedia xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi amerikalı rəsmiyə istinadən məlumat yayıb.

Məlumata görə, Tramp yaxın günlərdə kürəkəni Cared Kuşner və xüsusi nümayəndə Stiv Uitkoff ilə görüş keçirib. Onlar Cenevrədə İranla aparılan danışıqların gedişi barədə prezidentə məruzə ediblər. Elə həmin gün rəsmilər situasiya mərkəzində Tehrana qarşı mümkün addımları müzakirə ediblər və regiondakı bütün ABŞ qüvvələrinin martın ortalarınadək mövqelərdə yerləşdirilməsi tapşırılıb.

“FlightRadar24” məlumatlarına əsasən, Qətər, İordaniya, Krit və İspaniyadakı bazalara yönələn ABŞ hərbi təyyarələrinin fəallığı artıb. Bunlara KC-46 və KC-135 yanacaq dolduran təyyarələri, C-130J hərbi-nəqliyyat təyyarələri, E-3 Sentry erkən xəbərdarlıq təyyarələri, həmçinin RQ-4 Global Hawk kəşfiyyat pilotsuz aparatları daxildir.

Vaşinqton regiona USS Abraham Lincoln aviadaşıyıcısını da göndərib. Onu “Tomahawk” qanadlı raketləri ilə təchiz olunmuş üç “Arleigh Burke” tipli esmines və F-35C qırıcıları müşayiət edir. Bundan əlavə, ən bahalı ABŞ hərbi gəmisi sayılan USS Gerald R. Ford aviadaşıyıcısı da esmineslər, F/A-18E və F/A-18F Super Hornet qırıcıları, E-2D erkən xəbərdarlıq təyyarələri, MH-60S və MH-60R Seahawk helikopterləri və C-2A Greyhound nəqliyyat təyyarələri ilə birlikdə bölgəyə yerləşdirilib.

“Bloomberg” qeyd edir ki, İrana genişmiqyaslı zərbə ABŞ-ı 1991-ci ildə Körfəz müharibəsi və 2003–2011-ci illərdə İraq müharibəsindən sonra Yaxın Şərqdə üçüncü böyük müharibəyə cəlb edə bilər.

Tramp “Sülh Şurası”nın ilk iclasında bildirib ki, yaxın on gün ərzində İranla bağlı nə baş verəcəyi məlum olacaq. O, Tehran nüvə sazişi imzalamasa, “pis hadisələrin baş verəcəyini” deyib.

“The Wall Street Journal” yazır ki, Ağ Ev rəhbəri hələlik hücum barədə yekun qərar verməyib. Variantlar arasında rejimi dəyişməyə məcbur etmək məqsədilə bir həftəlik zərbələr seriyası və ya hökumət və hərbi obyektlərə daha məhdud hücumlar var.

“CBS News” isə ABŞ hərbçilərinin artıq 21 fevralda zərbəyə hazır olduğunu bildirir.

Ağ Evin mətbuat katibi Kerolayn Levittin sözlərinə görə, İrana zərbə üçün “çoxsaylı səbəblər və arqumentlər” mövcuddur, lakin Tramp ilk növbədə diplomatiyaya üstünlük verir. O, həmçinin xatırladıb ki, Vaşinqton iyunda İranın nüvə obyektlərinə qarşı “çox uğurlu əməliyyat” həyata keçirib və Tehranın razılaşmaya getməsinin “çox ağıllı addım olacağını” vurğulayıb.


media-adspc

Bənzər xəbərlər