ABŞ və Avropa İttifaqı arasında qeyri-müəyyənlik: Səsvermə gələn həftəyə qaldı
ABŞ prezidenti Donald Trampın məhkəmə qərarlarına baxmayaraq, gömrük rüsumlarında israr etməsi Avropa İttifaqı (Aİ) ilə aparılan Turnberry sazişini qopma nöqtəsinə gətirib.
ERAmedia xəbər verir ki, Avropa Parlamenti ABŞ ilə bağlanacaq ticarət razılaşmasına dair səsverməni qeyri-müəyyənlik səbəbindən dayandırıb.
ABŞ-ın tarif siyasətində yaranan qeyri-müəyyənlik Atlantikin iki sahili arasındakı ticarət əlaqələrini sarsıdıb. Avropa Parlamenti Aİ-ABŞ ticarət sazişi ilə bağlı bütün hüquqi işləri və bu gün keçirilməsi planlaşdırılan kritik səsverməni müddətsiz olaraq dayandırdığını açıqlayıb.
Avropa Parlamentinin Beynəlxalq Ticarət Komitəsinin sədri Bernd Lange siyasi qrup nümayəndələri ilə keçirdiyi təcili iclasdan sonra prosesə dair açıqlama verib. “ABŞ Ali Məhkəməsinin 20 fevral 2026-cı il tarixli qərarı ortadadır. Mövcud qarışıqlıq şəraitində işləri əvvəlki kimi davam etdirmək artıq mümkün deyil”, – deyə o bildirib.
Lange qeyd edib ki, ABŞ tərəfinin Turnberry sazişini həyata keçirmək üçün istifadə etdiyi hüquqi mexanizmlər qüvvəsini itirib. Tramp administrasiyasının Ali Məhkəmə maneəsini aşmaq üçün tətbiq etməyi planlaşdırdığı 122-ci maddə üzrə 15 faiz verginin razılaşma şərtlərindən açıq şəkildə kənara çıxma olduğunu vurğulayan Lange, “Vəziyyət əvvəlkindən daha qeyri-müəyyən hal alıb. Bu isə Turnberry ilə yaratmağa çalışdığımız proqnozlaşdırıla bilmə prinsipinə tam ziddir” deyə bildirib.
Avropa Parlamentindəki siyasi qruplar Vaşinqtonla ticarət münasibətlərində şəffaflıq və hüquqi əsaslar bərpa olunana qədər prosesi dondurmağa qərar verib. Bu qərar nəticəsində 24 fevral tarixində keçirilməsi gözlənilən komitə səsvermələri ləğv edilib.
Aİ rəsmiləri vəziyyəti gələn həftə yenidən qiymətləndirərək yol xəritəsini müəyyənləşdirəcəklər. ABŞ Ali Məhkəməsinin Trampın tarif səlahiyyətlərini məhdudlaşdırmasına baxmayaraq, Ağ Evin yeni qanunlar vasitəsilə qlobal vergi artımına getməsi Brüsselin səbrini daşıran son addım olub.
Vural









