ABŞ və İran kompromisə gəlir? – Türkiyənin XİN rəhbəri AÇIQLADI
ABŞ və İran Təhəranın nüvə proqramı ilə bağlı saziş əldə etmək üçün qarşılıqlı güzəştlərə getməyə hazır görünür.
ERAmedia xəbər verir ki, bunu Türkiyənin Xarici işlər naziri Hakan Fidan “Financial Times” nəşrinə verdiyi müsahibəsində bildirib.
Nazir vurğulayıb ki, Vaşinqton İranın uranın zənginləşdirilməsini dayandırması ilə bağlı əsas tələbində çeviklik göstərməyə hazır olduğunu siqnal verib.
Fidan qeyd edib ki, Tehran “həqiqi saziş əldə etməyə səmimi olaraq səy göstərir” və 2015-ci il nüvə sazişi çərçivəsində nəzərdə tutulmuş zənginləşdirmə səviyyələri və ciddi yoxlama rejimini qəbul etməyə hazırdır.
“Müsbət haldır ki, amerikalılar İranın uranı müəyyən çərçivədə zənginləşdirməsini qəbul etməyə hazır görünür. İran tərəfi başa düşür ki, amerikalılarla saziş bağlamalıdır, amerikalılar isə anlayırlar ki, iranlıların müəyyən hədləri var. Onları məcbur etməyə çalışmaq mənasızdır”, – deyə Türkiyə diplomatiyasının rəhbəri izah edib.
Fidan bildirib ki, əgər ABŞ “məsələlərin hamısının eyni zamanda həllini tələb edəcəksə”, o cümlədən İranın ballistik raket arsenalı və bölgədə silahlı qruplara dəstəyi məsələlərini, nüvə probleminin həlli “irəliləməyəcək”. “Nəticədə regionda daha bir müharibə baş verə bilər”, – deyə o xəbərdarlıq edib.
Türkiyə XİN başçısı qeyd edib ki, Türkiyə və regionun digər ölkələri İranın ballistik raket proqramı və silahlı formasiya dəstəyini həll etmək üçün “yaradıcılıq ideyaları” üzərində işləyir. Onun sözlərinə görə, bu təşəbbüslər “konstruktiv və effektiv rol” oynaya bilər.
Hakan Fidan həmçinin bildirib ki, ABŞ “İranın nüvə potensialından dərin narahatdır”.
Nazir vurğulayıb ki, İsrailin baş naziri Binyamin Netanyahu Vaşinqton səfəri zamanı ABŞ prezidentinə təsir göstərməyə çalışa bilər. “İsrail üçün regionda hərbi üstünlüyü qorumaq prioritetdir. İran raketlərinin mövcudluğu bu məqsədin əldə edilməsini çətinləşdirir”, – deyə o açıqlayıb.
Diplomat ABŞ və İrana keçmiş səhvləri təkrarlamamağı tövsiyə edib, ilk növbədə region dövlətlərinin danışıqlar prosesindən kənarda qalmasının qarşısını almaq vacibdir.
“İran üçün hər hansı saziş ABŞ ilə region tərəfdaşları ilə etimadı gücləndirən addımlarla müşayiət olunmalıdır. Bu tarazlıq çox vacibdir. Region ölkələrinə qarşı ciddi etimadsızlıq mövcuddur və bu problemi aradan qaldırmaq önəmlidir”, – deyə Fidan əlavə edib.
Nazir qeyd edib ki, İran hakimiyyəti ölkədə ictimai narazılığın əsasən iqtisadi çətinliklərdən qaynaqlandığını anlayır. “Buna görə də sanksiyalar məsələsinin həll edilməsinin vacibliyini başa düşürlər”, – deyə o bildirib.
Hakan Fidan ABŞ-ın zərbələri nəticəsində İranda rejimin dəyişəcəyinə inanmır. “Mən düşünmürəm ki, rejim dəyişəcək. Təbii ki, dövlət müəssisələri və digər obyektlər ciddi ziyan və dağıntılara məruz qalacaq. Amma rejim siyasi qurum kimi fəaliyyətini davam etdirəcək”, – deyə o yekunlaşdırıb.
Vural









