media-iran-abs

Həftə sonu İslamabadda başlayacaq ABŞ-İran danışıqlarında ABŞ nümayəndə heyətinə vitse-prezident Ceyms Devid Vens, İran tərəfinə isə xarici işlər naziri Abbas Əraqçi rəhbərlik edəcək.

ERAmedia xəbər verir ki, ABŞ ilə İran arasında əldə olunan 15 günlük müvəqqəti atəşkəsdən sonra iki ölkə nümayəndələrinin həftə sonu İslamabad şəhərində bir araya gəlməsi gözlənilir.

Tərəflər arasında bu görüşlər münaqişənin başlanmasından bəri keçiriləcək ilk üzbəüz təmas olacaq. Pakistanın baş naziri Şahbaz Şərif İranın da danışıqlara qatılmağı qəbul etdiyini açıqlayıb.

ABŞ, İsrail və İran arasında həftələrdir davam edən qarşılıqlı hücumlardan sonra Pakistanın vasitəçiliyi ilə iki mərhələli plan gündəmə gəlib. Bu plana əsasən, birinci mərhələdə dərhal atəşkəs elan olunması, ikinci mərhələdə isə daha geniş razılaşma üçün danışıqların aparılması nəzərdə tutulur.

Tərəflərin qəbul etdiyi müvəqqəti atəşkəsin təxminən 15 gün davam etməsi və bu müddət ərzində qalıcı razılaşmanın çərçivəsinin hazırlanması hədəflənir. Plan həmçinin qlobal enerji ticarəti baxımından kritik əhəmiyyət daşıyan Hürmüz boğazının yenidən açılmasını da əhatə edir.

Diplomatik mənbələrə görə, danışıqlarda ABŞ tərəfinə C. D. Vens rəhbərlik edəcək, ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff isə prosesin əsas fiqurlarından biri olacaq. İranı isə Abbas Əraqçi təmsil edəcək.

Pakistan tərəfdən prosesdə həm siyasi, həm də hərbi səviyyədə yüksək vəzifəli şəxslərin iştirak edəcəyi bildirilir. Pakistan Baş Qərargah rəisi Asim Munirin də tərəflər arasında intensiv diplomatik fəaliyyət apardığı qeyd olunur.

İslamabadda keçiriləcək görüşlərdə daimi atəşkəsin təmin olunması, qarşılıqlı təhlükəsizlik zəmanətləri, İrana qarşı sanksiyaların ləğvi, dondurulmuş aktivlərin azad edilməsi və İranın nüvə proqramı ilə bağlı öhdəliklər müzakirə olunacaq.

Bu məsələlərin müvəqqəti atəşkəsdən sonra hazırlanması planlaşdırılan geniş razılaşmanın əsasını təşkil edə biləcəyi qiymətləndirilir.

Lakin müvəqqəti atəşkəsə baxmayaraq, ərazidə gərginliyin tam aradan qalxmadığı bildirilir. İran tərəfi daimi razılaşma üçün təhlükəsizlik zəmanətləri tələb edərkən, ABŞ-ın uzunmüddətli öhdəlikləri ilə bağlı qeyri-müəyyənliklərin davam etdiyi qeyd olunur.

Atəşkəs elan edilməsinə baxmayaraq, bölgədə zaman-zaman gərginlik xəbərlərinin gəlməsi prosesin nə qədər həssas olduğunu göstərir.

İslamabadda keçiriləcək danışıqlar müvəqqəti atəşkəsin daimi razılaşmaya çevrilib-çevrilməyəcəyini müəyyən edəcək kritik dönüş nöqtəsi ola bilər.


media-adspc

Bənzər xəbərlər