media-dinozavr_esas

Alimlər qədim keçmişin sirlərini araşdırmaqda davam edirlər və ən maraqlı suallardan biri budur: niyə Avropa ərazisində Təbaşir dövründə (Mezozoy erasının sonuncu dövrü, təxminən 100–66 milyon il əvvəl) başqa qitələrdə yaşayan həmyaşıdlarından köklü şəkildə fərqlənən, qeyri-adi dinozavrlar mövcud olub?

ERAmedia-nın məlumatına görə, “Nature Ecology & Evolution” jurnalında dərc olunan yeni tədqiqat bu sualın cavabına işıq salır və göstərir ki, mezazoy dövrü faunasının formalaşmasında coğrafiya, iqlim və təkamül həlledici rol oynayıb.

Paleontoloqlar uzun müddətdir müşahidə edirdilər ki, Avropanın Təbaşir dövrünə aid dinozavrları bir sıra fərqli xüsusiyyətlərə malik olub: bir çox növ nisbətən kiçik ölçülü idi və ümumilikdə bu faunalar cənub və şimal qitələrindəki tipik komplekslərdən xeyli fərqlənirdi. Məsələn, Avropanın yırtıcı və ot yeyən dinozavrları başqa regionlarda tapılan nümunələrə uyğun gəlməyən, özünəməxsus uyğunlaşmalar göstərirdi.

Bu fərqləri izah etmək üçün alimlər qədim ekosistemlərin təhlilində yeni üsullardan — kompüter modelləşdirməsi, stratiqrafiya və paleocoğrafiyadan istifadə ediblər. Tədqiqat qrupu belə qənaətə gəlib ki, gec Təbaşir dövrünün əvvəlində Avropa okean hövzələri ilə ayrılmış, böyük adalar zəncirindən ibarət olub və digər qitələrdən təcrid vəziyyətində qalıb. Bu ada sistemi təkamül proseslərinin klassik qitə modellərindən fərqli, özünəməxsus şəkildə getməsinə səbəb olub.

Belə coğrafi parçalanma “ada cırlaşması” deyilən fenomeni izah edir. Bu hadisə zamanı iri quru heyvanları məhdud ərazi və resurs şəraitində təkamül edərək daha kiçik ölçülərə malik olurlar. Məkanın məhdudluğu və ada ekosistemlərinə xas qida zəncirləri dinozavrların müxtəlif qruplarında qeyri-adi bədən quruluşu və uyğunlaşmaların yaranmasına şərait yaradıb.

Alimlərin vurğuladığı digər mühüm amil iqlim dəyişkənliyi və dəniz transqressiyaları, yəni dəniz səviyyəsinin qalxmasıdır. Bu proseslər adaların bir-birindən və materiklərdən daha da təcrid olunmasına, nəticədə isə yerli, endemik növlərin formalaşmasına səbəb olub. Tədqiqat müəlliflərinin fikrincə, Avropanın mezazoy faunasının başqa regionlardan bu qədər fərqli olması onun formalaşdığı dərin coğrafi və ekoloji şəraitin birbaşa nəticəsidir.

Əli Fərhad


media-adspc

Bənzər xəbərlər