Ağ Evdə baş tutacaq UFC turnirinin idmançılarının qazancı açıqlanıb
Mütləq Döyüş Çempionatının (UFC) rəhbəri Dana Uayt Ağ Evdə təşkil olunacaq turnir iştirakçılarının əldə edəcəyi bonusların həcmini ictimaiyyətə açıqlayıb.
ERAmedia xəbər verir ki, mətbuat konfransının yayımı təşkilatın rəsmi “YouTube” kanalına yerləşdirilib.
“Gecənin ən yaxşı döyüşünü nümayiş etdirən idmançıların hər biri 400 000 ABŞ dolları məbləğində bonus qazanacaq. Ən yaxşı çıxışla yadda qalan iki döyüşçü isə 425 000 dollar mükafat alacaq. Hamını təbrik edir, uğurlar arzulayıram”, – deyə D.Uayt vurğulayıb.
Ağ Evdəki yarış iyunun 14-dən 15-nə keçən gecə – ABŞ Prezidenti Donald Trampın 80 illik yubileyi günündə baş tutacaq.
Gecənin mərkəzi qarşılaşması yüngül çəki dərəcəsində hazırkı çempion İliya Topuriya və müvəqqəti kəmər sahibi Castin Qeyci arasında keçiriləcək.
Ağır çəkidə müvəqqəti çempionluq kəməri uğrunda fransalı Siril Qan və braziliyalı Aleks Pereyra qüvvələrini sınayacaqlar (hazırda bu çəkidə çempion britaniyalı Tom Aspinalldır). Bununla yanaşı, turnir çərçivəsində Şon O’Melli – Ayman Zəhabi, Coş Hokit – Derrik Lyuis, Maurisiu Ruffi – Maykl Çendler, Bo Nikal – Kayl Dokas, Dieqo Lopes – Stiv Qarsiya döyüşləri də baş tutacaq.









