Ağcaqanadlar niyə insan qanı ilə qidalanır? - Maraqlı ARAŞDIRMA
Braziliya sahilləri boyunca uzanan Atlantik meşələri yüzlərlə quş, amfibiya, sürünən, məməli və balıq növünə ev sahibliyi edir. Lakin insan fəaliyyətinin genişlənməsi nəticəsində bu meşələrin ilkin ərazisinin cəmi təxminən üçdə biri toxunulmaz qalıb.
ERAmedia xəbər verir ki, “Frontiers in Ecology and Evolution” jurnalında dərc olunan yeni araşdırmaya görə, insanların təbiətə müdaxiləsi heyvanları yaşayış yerlərindən sıxışdırdıqca, əvvəllər müxtəlif canlılarla qidalanan ağcaqanadlar yeni hədəf kimi insanlara yönəlməyə başlayır.
Tədqiqatın həmmüəllifi, Rio-de-Janeyro Federal Universitetinin mikrobiologiya və immunologiya üzrə tədqiqatçısı doktor Serjio Maçado bildirib ki, “Bu, çox vacibdir, çünki Atlantik meşəsi kimi onurğalı canlıların çox müxtəlif olduğu mühitdə ağcaqanadların insanı üstün tutması patogenlərin ötürülmə riskini xeyli artırır.”
Araşdırma zamanı alimlər Rio-de-Janeyro ştatında yerləşən Sítio Rekanto qoruğunda və Quapiaku çayı ekoloji qoruğunda işıq tələlərindən istifadə edərək ağcaqanadlar tutublar.
Tədqiqatçılar ağcaqanadların qanından DNT çıxarıb və onurğalı növlər üçün unikal “ştrix-kod” rolunu oynayan xüsusi gen üzrə DNT sekvensiyası aparıblar. Bu ştrix-kodlar məlumat bazası ilə müqayisə edilərək, ağcaqanadın hansı canlıdan qan sorduğu müəyyən edilib.
Ümumilikdə 52 növə aid 1714 ağcaqanad tutulub. Onlardan 145 dişi ağcaqanad qanla dolu olub. Bu ağcaqanadların 24-nün qan mənbəyi müəyyən edilib: 18 nəfər insan, 1 amfibiya, 6 quş, 1 it və 1 siçan.
Alimlər hesab edirlər ki, ağcaqanadların insan qanına üstünlük verməsinə bir çox amil təsir edə bilər.
Atlantik meşələrinin qırılması və insanların əvvəllər meşəg olan ərazilərə daxil olması nəticəsində bir çox bitki və heyvan növü yox olur. Bu da ağcaqanadların vərdişlərini və yaşayış mühitini dəyişməsinə, insanlara daha çox yaxınlaşmasına səbəb olur.
Tədqiqat aparılan bölgələrdə ağcaqanadlar sarı qızdırma, denqe, Zika, Mayaro, Sabiya və Çikunqunya kimi virusları daşıyır. Bu xəstəliklər insan sağlamlığı üçün ciddi təhlükə yaradır və uzunmüddətli ağır fəsadlara səbəb ola bilər.
Mələk Onur









