Ağdam metal elektrik dirəkləri ixrac edəcək
Ağdam Sənaye Parkının bir hektarlıq ərazisində yerləşən “Construction” MMC-nin metal elektrik dirəklərinin istehsalı müəssisəsində istehsal prosesi Çin texnologiyası əsasında qurulub. Zavodun metal elektrik dirəkləri üzrə illik istehsal gücü 7 min 200 ton təşkil edir.
ERAmedia-nın məlumatına görə, “Construction” MMC-nin direktor müavini Turqay Abdulzadə bildirib ki, istehsal olunan məhsullar həm daxili bazarın tələbatını ödəyəcək, həm də ixrac ediləcək. İnvestisiya həcmi 2,96 milyon manat olan müəssisədə 32 daimi iş yeri yaradılıb. Müəssisənin qurulması üçün İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən 1,2 milyon manat zəmanətli kredit ayrılıb. Bununla yanaşı, müəssisə sənaye parkının rezidentlərinə verilən bütün vergi və gömrük güzəştlərindən yararlanıb. Həmçinin texnika, texnoloji avadanlıq və qurğuların idxalı zamanı təxminən 443 min manat dəyərində ƏDV və gömrük rüsumlarına güzəşt əldə olunub.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Ağdam Sənaye Parkında “Construction” MMC-nin metal elektrik dirəklərinin istehsalı müəssisəsinin açılışında iştirak edib.









