media-w_16176467818996287970_1200x630
media-bant_master

İşğaldan azad olunan digər ərazilərdə olduğu kimi, Ağdam rayonunda da quruculuq işləri geniş vüsət alıb. Rayonun Sarıcalı, Xıdırlı və Kəngərli kəndlərinə əhalinin köçü təmin edilib. Hazırda Ağdam şəhəri ilə yanaşı, rayonun Baş Qərvənd və Eyvazxanbəyli kəndlərinin tikintisi həyata keçirilir.

Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Pərviz İmranoğlu bildirib ki, Baş Qərvənd kəndi, ümumilikdə, 479 hektardan artıq ərazi üzrə layihələndirilib. Kənddə 1245 fərdi yaşayış evi tikiləcək. 840 və 430 şagird yerlik tam orta məktəb binalarının, ikisi 100, ikisi isə 120 yerlik olmaqla, 4 uşaq bağçasının, inzibati bina, tibb məntəqəsi və digər infrastruktur obyektlərinin və xidmət sahələrinin inşası nəzərdə tutulur.

Kəndin tikintisi iki mərhələdə həyata keçirilir. Birinci mərhələ üzrə 202 hektar ərazidə söküntü və şaquli planlaşdırma işləri başa çatdırılıb. Bu mərhələdə layihələndirilən ərazidə 851 evin tikintisi aparılır. Onların 170-si ikiotaqlı, 417-si üçotaqlı, 145-i dördotaqlı, 119-u isə beşotaqlıdır.

Birinci mərhələdə 840 şagird yerlik məktəb, 100 və 120 yerlik olmaqla, 2 uşaq bağçası tikiləcək.

Pərviz İmranoğlu onu da əlavə edib ki, kənddə inzibati bina, tibb məntəqəsi də olacaq. Paralel olaraq, su, kanalizasiya, yağış suları sisteminin, qaz, elektrik, rabitə xətlərinin tikintisi də planlaşdırılıb.

İnşaatçılar işğaldan azad edilmiş ərazilərdə çalışdıqları üçün sevinc və qürur hissi keçirdiklərini bildirirlər. Onlardan biri – Alı Cəfərov doğma kəndinin tikintisində çalışmağın sevincini bölüşərək deyib: “Mən özüm bu kəndin sakiniyəm. Allaha şükürlər olsun, Prezidentimizin, qazilərin, şəhidlərin sayəsində doğma torpaqlarımızdayıq. Evlərimiz tikilir, bütün işçilər qürurla, ruh yüksəkliyi ilə çalışır. Tezliklə kəndimizə, evimizə köçəcəyik”.

Hazırda 430 evin bünövrə çalası qazılıb. Paralel olaraq kənddaxili yolların da tikintisi aparılır. Birinci mərhələdə kənddə 47 kilometrdən artıq daxili yol salınacaq ki, onun da 27 kilometrdən çoxunda qazıntı işləri tamamlanıb.


media-adspc

Bənzər xəbərlər