Ağdərənin 4 kəndinin sakinlərinə açarlar təqdim olunub
Yanvarın 9-da Ağdərə rayonunun Çıldıran, Aşağı Oratağ, Heyvalı, Çapar kəndlərinə ilk köç gerçəkləşib. Kəndlərə köçən 89 ailəyə evlərinin açarları təqdim olunub.
ERAmedia xəbər verir ki, Ağdərə rayonuna çatan ailələri Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları qarşılayıblar. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələrinin də iştirakı ilə onlara mənzillərin açarları təqdim edilib.
Xankəndi şəhərində, Xocalı və Ağdərə rayonlarında Prezidentin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov və Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Telman Kərimli keçmiş məcburi köçkünləri təbrik edərək, onlara xoşbəxt və firavan həyat arzulayıblar.
Bildirilib ki, köç olan kəndlərdə yaşayış üçün bütün zəruri infrastruktur yaradılıb. Yaşayış evləri bərpa olunub, elektrik, qaz, içməli su, yol və rabitə xətləri istifadəyə verilib. Köçən ailələrin məşğulluq məsələsi isə daim diqqət mərkəzindədir.
Sonra ailələr sevinc hissi ilə yeni evlərində yerləşiblər.
14:32

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Böyük Qayıdış çərçivəsində keçmiş məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə qayıdışı davam edir. Yanvarın 9-da Ağdərənin Aşağı Oratağ, Heyvalı, Çapar və Çıldıran kəndlərinə yola düşən ilk köç karvanı ünvana çatıb.
ERAmedia xəbər verir ki, ilk mərhələdə Aşağı Oratağ kəndinə 31 ailə – 119 nəfər, Çapar kəndinə 26 ailə – 96 nəfər, Heyvalı kəndinə 19 ailə – 74 nəfər, Çıldıran kəndinə isə 13 ailə – 48 nəfər qayıdıb.
Köç karvanı respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarətdir.
Doğma yurdlarına qayıdan keçmiş məcburi köçkünlər onlara göstərilən dövlət qayğısından böyük məmnunluq duyaraq, yaradılan müasir yaşayış şəraitinə görə ölkə rəhbərliyinə dərin minnətdarlıqlarını ifadə ediblər. Sakinlər bu tarixi Qələbəni bizə bəxş edən, torpaqlarımızı işğaldan canı bahasına azad edən qəhrəman şəhidlərimizin əziz xatirəsini ehtiramla anıb, onlara Allahdan rəhmət diləyiblər. Eyni zamanda, döyüşlərdə şücaət göstərən qazilərimizə uzun ömür və cansağlığı arzulayan sakinlər azad edilmiş ərazilərdəki dirçəlişin məhz bu fədakarlıq sayəsində mümkün olduğunu vurğulayıblar. Onlar bildiriblər ki, bu gün Qarabağda başlayan yeni həyat həm də şəhid və qazilərimizin bizə əmanət etdiyi Zəfərin bəhrəsidir.









