Aktyorun yazdığı şeir ona mənzil verilməsinə səbəb oldu
Azərbaycan SSR-in Keçmiş Mərkəzi Komitəsinin birinci katibi Vəli Axundovun tanınmış aktyor Əhməd Rumluya mənzil bağışlaması ilə bağlı maraqlı hadisə ictimaiyyətə açıqlanıb.
ERAmedia xəbər verir ki, məlumata görə, bir vaxtlar sənət adamlarına mənzil verilməsi ilə bağlı siyahı tərtib olunarkən aktyor Əhməd Rumlunun adı naməlum səbəblərdən bu siyahıdan çıxarılıb. Bu ədalətsizliyə etiraz edən aktyor məsələni qeyri-adi üsulla gündəmə gətirib.
Əhməd Rumlu Mərkəzi Komitəyə şeir formasında şikayət məktubu yazaraq bildirib:
“Nə vaxtında Məşədi İbaddan bir abbasımı ala bildim, nə də hakimiyyətdən ev”.
Bu cəsarətli və ironik müraciət qısa müddətdə Mərkəzi Komitədə diqqət çəkib. Bir neçə gün sonra aktyor rəsmi şəkildə Mərkəzi Komitəyə dəvət olunub.
Qəbul zamanı Vəli Axundov Əhməd Rumlunun yazdığı şeiri yenidən oxuyaraq gülümsəyib və aktyora belə deyib:
“Bu qorxmazlığın və sözü mərdliklə deməyin mənə o qədər ləzzət elədi ki, qərara aldım, mənzilin açarını sənə özüm verim”.
Bundan sonra Vəli Axundov şəxsən özü aktyora üç otaqlı mənzilin açarını təqdim edib. Beləliklə, Əhməd Rumlunun cəsarətli müraciəti onun mənzil probleminin həllinə səbəb olub.
Mələk Onur










