Alban irsi Azərbaycanın qədim tarixinin ayrılmaz hissəsidir - AÇIQLAMA
Bu yaxınlarda Qəbələnin Nic kəndinə səfərim zamanı əsrlərin yaddaşını yaşadan Cotari Alban kilsəsi ilə tanışlıq məndə xüsusi təəssürat yaratdı. Bu daş divarlardakı keçmişin nəfəsi qədim olduğu qədər də doğmadır – vətənimizin öz nəfəsi, öz ruhudur.
Bu fikirləri ERAmedia-ya açıqlamasında AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbi tənqid şöbəsinin aparıcı elmi işçisi, fil.f.d., dosent Elnarə Qaragözova bildirib.
Kilsənin qədim memarlıq elementlərində və həyətindəki əsrlik çinar ağaclarında qədim tariximizin izləri yaşayır. Azərbaycanın zəngin və çoxqatlı mədəni tarixinin canlı səhifələrindən biri kimi dövlətimiz tərəfindən qorunan Nicdəki bu Alban irsi vətən tarixinin ayrılmaz parçasıdır.
Bu gün vətənimizin müxtəlif guşələrində – Qarabağda, Şərqi Zəngəzurda, Şimal və Şimal – Qərb bölgəsində, Gəncə-Tovuz-Qazax bölgələrində qorunub saxlanılan alban mədəni irsimiz yalnız keçmişin yadigarı deyil, həm də bizim tarixi yaddaşımızın mühüm tərkib hissəsidir. Bu irs Azərbaycanın çoxqatlı tarixinin yaşadılması və gələcək nəsillərə ötürülməsi baxımından böyük önəm daşıyır.
Nicdən yaddaşıma yazılan isə qədim daşların mənalı səssizliyi, əsrlik çinarların əzəməti və tarixlə bu günün bir məkanda var olması oldu.
Mələk ONUR











