media-whatsapp-image-2026-09-25-at-12-54-29

Azərbaycanın tarixi ərazilərindəki xristian irsi, Qafqaz Albaniyasının mədəniyyət nümunələri və Alban xaç daşlarının xüsusiyyətləri ilə bağlı tarix üzrə fəlsəfə doktoru Zaur Əliyev ERAmedia-ya açıqlama verib.

Zaur Əliyev bildirib ki, erməni millətçi dairələrinin nümayəndələrinin özlərinin də erməni dini kimliyi ilə bağlı səsləndirdiyi fikirlər mövcuddur. O, bu baxımdan “Erməni–Ari ordeni” adlı ultramilliyyətçi təşkilatın rəhbəri Armen Avetisyanın “Biz ermənilər bilmirik ki, əsl dinimiz nədir? Kilsədə şam yandırmaq və sinəsindən xaç asmaq xristian olmaq demək deyil. Ermənilərin hamısı bu dində səmimi deyillər” fikrini xatırladıb.

Zaur Əliyevin sözlərinə görə, sovet dövründə Göygöl rayonunda aşkar edilən Alban xaç işarəsi ilə bağlı arxeoloji araşdırmalar zamanı abidənin əvvəllər yerindən çıxarıldığı və üzərinə erməni xaçı formasının salınmasına cəhd edildiyi müəyyənləşdirilib. Onun sözlərinə görə, bu cəhdin uğursuz olduğu və daha sonra abidənin yenidən basdırıldığı iddia edilir.

Tarixçi həmçinin Kəlbəcərin işğaldan azad edilməsindən sonra saxta xaçlar hazırlayan sexin aşkar edilməsi ilə bağlı məlumatları qeyd edib və bu kimi faktların Azərbaycan ərazilərindəki xristian irsinin mənşəyi ilə bağlı araşdırmaların əhəmiyyətini artırdığını vurğulayıb.

Zaur Əliyev qeyd edib ki, Azərbaycan coğrafiyasında xristianlığın qəbulundan sonra yaradılmış dini abidələrdəki Alban xaç daşları bədii tərtibatı və təsvir xüsusiyyətlərinə görə müxtəlif qruplara ayrılır.

“Alban xaç daşlarının obrazları bir çox əsrlər ərzində formalaşıb. Bu prosesdə müxtəlif dini-mədəni təsirlərin izləri özünü göstərir. Xaç daşlarının özünəməxsusluğu və orijinallığı da məhz bu tarixi inkişaf prosesindən irəli gəlir”, – deyə o bildirib.

Onun sözlərinə görə, Alban qəbir, xatirə və sərhəd stellalarının, eləcə də xaç daşlarının yaranmasında xristianlıqdan əvvəlki dövrlərin daşişləmə ənənələrinin izlərini də araşdırmaq mümkündür.

Tarixçi Alban xaç daşları ilə erməni xaçkarları arasında forma və bədii tərtibat baxımından fərqlərin olduğunu bildirib.

“Erməni xaçlarında şaquli ox üzrə uzanan forma daha qabarıq nəzərə çarpır. Alban xaçlarının bir qismində isə bərabərtərəfli formaya yaxın kompozisiyalar müşahidə olunur. Bu xüsusiyyətlər onların hazırlanmasında istifadə olunan simvolik sistem və bədii ənənələrin araşdırılmasını zəruri edir”, – deyə Zaur Əliyev qeyd edib.

Onun sözlərinə görə, bəzi Alban xaç daşlarında üçyarpaqlı və “gül-yarpaq” formasında kompozisiyalar, eləcə də rozetka elementləri geniş yer tutur.

“Xaç daşlarının mərkəzində və ya aşağı hissəsində rast gəlinən rozetka təsvirləri ayrıca tədqiqat mövzusudur. Bu elementlərin günəş, işıq və həyat ağacı kimi simvolik mənalarla əlaqələndirilməsi ilə bağlı fikirlər mövcuddur”, – tarixçi bildirib.

Zaur Əliyev Alban xaç daşlarının hazırlanmasında istifadə olunan daş materialının da araşdırılmalı məsələlərdən biri olduğunu vurğulayıb.

“Erməni xaçkarlarının hazırlanmasında tuf daşından geniş istifadə olunması məlumdur. Alban xaç daşlarında isə müxtəlif yerli daş materiallarına rast gəlinir. Bu nümunələrin hazırlanma texnologiyası, daşın seçilməsi və abidələrin yerləşdirilməsi ayrıca müqayisəli tədqiqat tələb edir”, – deyə o bildirib.

Tarixçinin sözlərinə görə, Alban xaç daşları yalnız qəbirüstü abidə funksiyası daşımayıb, bəzi hallarda xatirə və sərhəd stellaları kimi də istifadə olunub.

Zaur Əliyev bildirib ki, Alban xaç daşlarının üzərindəki epiqrafik nümunələr onların tarixinin öyrənilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

“Bu abidələr yalnız dini ritual obyektləri kimi qiymətləndirilməməlidir. Onların üzərindəki yazılar, təsvirlər və yerləşmə xüsusiyyətləri həmin dövrün sosial, siyasi və mədəni həyatının araşdırılması üçün mühüm mənbələrdir”, – deyə tarixçi vurğulayıb.

Onun sözlərinə görə, Qarabağ, Naxçıvan, Qax, Zaqatala və Azərbaycanın digər bölgələrində yerləşən xristian abidələrinin mənşəyi və tarixi aidiyyəti məsələsi elmi metodlarla, epiqrafik, arxeoloji, memarlıq və tarixi mənbələrin kompleks müqayisəsi əsasında araşdırılmalıdır.

Zaur Əliyev əlavə edib ki, Azərbaycan ərazisindəki xristian irsinin öyrənilməsi zamanı konkret abidələrin tarixini ümumiləşdirmədən, onların tikinti dövrü, kitabələri, memarlıq üslubu, arxeoloji konteksti və digər maddi sübutlar əsasında ayrı-ayrılıqda araşdırılması vacibdir.

Mələk


media-adspc

Bənzər xəbərlər