Ali Məhkəmə ekoloji zərərlə bağlı şikayəti təmin edib
Ali Məhkəmə zavod tərəfindən vətəndaşa vurulan ekoloji zərərlə bağlı şikayəti təmin edib.
ERAmedia-ya bu barədə məhkəmədən məlumat verilib.
Məlumata görə, vətəndaş neft emalı zavoduna qarşı iddia qaldıraraq bildirib ki, sağlamlığına dəyən zərər həmin zavodun fəaliyyəti ilə bağlıdır. O, zavodun mülki məsuliyyətə cəlb edilməsini və dəymiş zərərin ödənilməsini tələb edib.
İşə baxılarkən iddiaçıya məxsus fərdi yaşayış evi yaxınlığında aparılan monitorinqlər nəticəsində havada və suda zərərli maddələrin miqdarının normadan artıq olması məlum olub. Aparılan yoxlamalarda atmosferə atılan çirkləndirici maddələrin, xüsusən də etil-benzolun qatılığının sanitar norma həddini bir neçə dəfə keçdiyi müəyyən edilib. Hava və su nümunələrinin analizləri zamanı digər bəzi göstəricilərdə də normadan kənar nəticələr aşkarlanıb.
Apellyasiya məhkəməsi qeyd edilənləri nəzərə alaraq mənəvi zərər üçün əhəmiyyətli məbləğdə pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qərar verib. Cavabdeh zavod mənəvi təzminatla razılaşmayaraq Ali Məhkəməyə müraciət edib.
Ali Məhkəmənin Mülki kollegiyası qeyd edib ki, sağlam ətraf mühitdə yaşamaq hüququ şəxsiyyət hüququnun tərkib hissəsi olmaqla hər kəsin ekoloji cəhətdən təmiz, əlverişli və təhlükəsiz ətraf mühitdə yaşamasına təminat verir. Ətrafdakılar üçün yüksək təhlükə mənbəyi hesab edilən zavodlar tərəfindən ekoloji hüquqpozmaların törədilməsi şəxsin sağlam ətraf mühitdə yaşamaq hüququ, habelə onun sağlamlığının qorunması və digər şəxsiyyət hüquqlarının pozulmasına və ona mənəvi zərərin vurulmasına səbəb ola bilər. Bu baxımdan istehsal müəssisələri və digər təşkilatlar öz fəaliyyətlərini həyata keçirən zaman bu hüquqların pozulmasından çəkinməlidirlər.










