media-1111

Milli Məclisin sabiq deputatı Etibar Əliyev Alim Qasımovun Üzeyir Mehdizadə ilə duet oxumasına görə səsləndirilən tənqidlərə münasibət bildirib.

ERAmedia xəbər verir ki, Etibar Əliyev uzun illərdir Alim Qasımovun yaradıcılığının pərəstişkarı olduğunu qeyd edib. O bildirib ki, ötən əsrin 80-ci illərindən böyük sənətkarın yaradıcılığını izləyir və onun atdığı addımlara xüsusi hörmətlə yanaşır.

“Düşüncəmə görə, bu böyük sənətkar nə edirsə, düz edir. Onun susmağı da nəğmədir”, – deyə Etibar Əliyev vurğulayıb.

O, Üzeyir Mehdizadənin də istedadının danılmaz olduğunu qeyd edib:

“Üzeyir bəstəkar, müğənni və meyxanaçıdır. Heç kim onun istedadını inkar etmir. İndi gəlin ‘kədərli’ göstəricilərə baxaq”.

Etibar Əliyev sosial şəbəkələrdə musiqiyə olan maraqla bağlı baxışlarını rəqəmlərlə müqayisə edib. Onun sözlərinə görə, Üzeyirin oxuduğu popuriyə 25 milyon, Alim Qasımovun “Şahnaz təsnifi”nə isə 512 min dəfə baxılıb.

“Damlanın bir popurisinə 50 milyon, Flora Kərimovanın ‘Eşqimə şahid zaman’ şedevrinə isə 302 min dəfə baxılıb. Flora Kərimova Damla ilə duet oxusa nə baş verərdi?” – deyə sabiq deputat sual edib.

Etibar Əliyev bildirib ki, bu mənzərə yalnız musiqi ilə məhdudlaşmır:

“Reallıq öz-özünə yaranmır. Onun müəllifi cəmiyyətdir. Roman və poeziya da belədir. Detektiv və bayağı romanlar ciddi və düşündürücü romanlardan qat-qat çox oxunulur. Sosial şəbəkələrdə də analoji tragediya yaşanılır”.

Sabiq deputat fikirlərini dahi şair İosif Brodskinin sözləri ilə davam etdirib. O, Brodskinin müasir ədəbiyyatdakı çoxsaylı müəlliflər və “səs-küy” barədə fikirlərini xatırladıb.

Etibar Əliyev sonda Alim Qasımovun Üzeyir Mehdizadə ilə duetinin mümkün məqsədi barədə də düşüncəsini bölüşüb:

“Alim Qasımovun niyyəti bəlkə də səs-küyü bir qədər yavaşıtmağa xidmət edir? Hər halda bunu özü yaxşı bilər!”

Fərhad Əli


media-adspc

Bənzər xəbərlər