media-tidestromia-oblongifolia-death-valley-1200x800

ABŞ-ın Kaliforniya və Nevada ştatlarının bəzi ərazilərini əhatə edən Ölüm Vadisində aparılan araşdırmalar alimlərin 60 °C-yə yaxın temperaturda yaşaya bilən nadir bitki növünü müəyyən etməsinə imkan verib.

ERAmedia xəbər verir ki, Şimali Amerikanın ən alçaq, ən quraq və ən isti bölgəsi hesab olunan Ölüm Vadisində yay aylarında orta temperatur 49 °C-ə çatsa da, bəzi günlərdə bu göstərici 60 °C-yə qədər yüksəlir. Buna baxmayaraq, bölgədə Tidestromia oblongifolia (Arizona balotu) adlı yerli kolşəkilli çiçəkli bitki ekstremal şəraitə uğurla uyğunlaşıb.

Alimlərin sözlərinə görə, bu bitkinin yüksək temperaturlarda yaşamasının əsas sirri yarpaqlarını ətraf mühitdən xeyli aşağı temperaturda saxlaya bilməsidir. Bitki yarpaqlarını o qədər effektiv soyudur ki, mürəkkəb canlı orqanizmlər üçün qəbul edilən təxminən 60 °C-lik yuxarı temperatur həddinə yaxın şəraitdə belə sağ qalır.

Yeni tədqiqat çərçivəsində alimlər bu xüsusiyyətin necə formalaşdığını araşdırıblar. Bunun üçün növün yayıldığı müxtəlif ərazilərdən, o cümlədən Ölüm Vadisindən 223 yabanı bitkinin toxumu toplanıb. Daha sonra 1200-dən çox cücərti mərhələli şəkildə yüksək temperatura uyğunlaşdırılıb və yeddi gündən artıq müddətdə hər gün 6–8 saat ərzində 60 °C temperaturun təsirinə məruz qoyulub.

Nəticələr göstərib ki, bütün bitkilər bu sınaqdan çıxa bilməyib. Sağ qalma göstəricisi genetik xüsusiyyətlərdən asılı olaraq 2 faizdən 34 faizdən yuxarı səviyyəyədək dəyişib. Bu isə bəzi bitkilərin ekstremal istiyə digərlərindən daha yaxşı uyğunlaşdığını göstərir.

İnfraqırmızı kameralar vasitəsilə aparılan müşahidələr zamanı müəyyən olunub ki, ən isti günlərdə bəzi yarpaqların temperaturu ətraf mühitdən 10 °C-dən çox aşağı olub. Bəzi hallarda bu fərq 13 °C-yə qədər çatıb.

Araşdırma həmçinin göstərib ki, 60 °C temperaturda ardıcıl səkkiz gün qalan və sağ çıxan bitkilər yarpaqlarının temperaturunu 54–59 °C arasında saxlaya biliblər. Bu göstərici yüksək olsa da, kritik həddən aşağı qalıb.

Tədqiqatın əsas nəticəsi ondan ibarətdir ki, bu bitki sadəcə yüksək temperatura dözümlü deyil, eyni zamanda aktiv soyuma mexanizmi sayəsində istilikdən yayınma qabiliyyətinə malikdir.

Alimlər bu güclü soyutma sisteminin bioloji əsaslarını da araşdırıblar. Analiz nəticəsində yüksək temperatur şəraitində sağ qalma ilə əlaqəli üç DNT sahəsi müəyyən edilib. Bu isə bitkinin bu xüsusiyyətinin genetik əsaslara söykəndiyini göstərir. Digər testlər də daha sərin və daha isti yarpaqlar arasında aydın bioloji fərqlərin mövcud olduğunu ortaya qoyub.


media-adspc

Bənzər xəbərlər