Alimlər Nuhun gəmisinin sirrinin açılmasına yaxınlaşdılar
Tədqiqatçılar əfsanəyə görə Türkiyədə yerləşdiyi bildirilən Nuhun gəmisinin sirrinin açılması istiqamətində yeni addım atıblar.
ERAmedia bildirir ki, arxeoloq Endryu Cons bu barədə “İzvestiya” qəzetinə müsahibəsində məlumat verib.
Gəminin axtarışlarının aparıldığı ərazidə son zamanlar aparılan araşdırmalar zamanı qayığa bənzəyən obyekt aşkarlanıb. Lakin onun mənşəyi hələlik dəqiq müəyyən edilməyib.
“Biz hesab edirik ki, bunlar Nuhun gəmisinin dağıldıqdan sonra torpaq qatının altında qalan hissələri ola bilər”, — Cons bildirib.
Onun sözlərinə görə, obyektin georadar vasitəsilə skan edilməsi zamanı düz bucaqlar, dəhlizlər və mümkün daxili bölmələr aşkar edilib. Bu isə obyektin sadəcə qayalıq çıxıntısı olması versiyasını şübhə altına alır.
Consun sözlərinə görə, xəritəçi İlxan Durupınar hələ 1959-cu ildə ilk dəfə bu əraziyə diqqət çəkib. Bildirilir ki, ərazinin koordinatları Bibliyada gəminin təsvir olunduğu məkanla üst-üstə düşür.
Alimlər artıq ərazinin GPS xəritələndirilməsini həyata keçirib, həmçinin analiz üçün torpaq nümunələri götürüblər. Tədqiqatda ABŞ, Avstraliya, Braziliya və Slovakiyadan olan mütəxəssislər də iştirak edirlər.
Bununla belə, alimlər hələlik aşkarlanan obyektin həqiqətən Nuhun gəmisi olduğunu təsdiqləyən qəti sübut əldə etməyiblər.
Mələk Onur










