Alimlərdən maraqlı tədqiqat - İlk hadisə qeydə alındı
Avstriyalı alimlər tarixdə ilk dəfə olaraq inəyin alətdən təsadüfi deyil, məqsədli şəkildə istifadə etdiyini təsdiqləyən sənədləşdirilmiş hadisə qeydə alıblar.
ERAmedia xəbər verir ki, “Current Biology” jurnalında dərc olunan tədqiqatın nəticələrinə görə, bu davranış Şərqi Alp dağlarında yerləşən fermada yaşayan 13 yaşlı Veronika adlı inəkdə müşahidə edilib.
Vyana Baytarlıq Tibb Universitetinin əməkdaşları bir sıra davranış testləri apararaq təsdiqləyiblər ki, Veronika yalnız əşyaları götürmür, həm də onları bədəninə qulluq etmək üçün məqsədyönlü şəkildə istifadə edir.
Heyvan üzərində müşahidələr onun sahibi, fermer Vitqar Viqelenin universitetə göndərdiyi videolardan sonra başlayıb. Həmin videolarda Veronikanın ağzına çubuq və ya uzun fırça alaraq bədəninin özü çata bilmədiyi hissələrini qaşıdığı görünür.
Laboratoriya sınaqları zamanı alimlər fırçanı müxtəlif səthlərdə yerləşdirib və inəyin istənilən effekti əldə etmək üçün alətin hansı hissəsini seçdiyini qeydə alıblar. Belə ki, sərt tüklü hissə belin bərkiyən nahiyələri üçün, hamar sap hissəsi isə qarın və yelin kimi daha həssas zonalar üçün istifadə olunub.
Bu cür davranış müxtəlif funksiyalar üçün alətdən çevik istifadə hesab olunur və indiyədək yalnız bir neçə heyvan növündə, məsələn, şimpanzelərdə və bəzi quşlarda müşahidə edilib.
Elmi kontekstdə “alət” dedikdə heyvanın konkret məqsədə çatmaq üçün mexaniki təsir yolu ilə şüurlu şəkildə seçdiyi və ya dəyişdirdiyi xarici predmet nəzərdə tutulur.
Alimlər xüsusilə vurğulayırlar ki, Veronika bu davranışı insandan öyrənməyib, adi mühitində özü inkişaf etdirib. Bu isə iri buynuzlu heyvanların gözləniləndən daha yüksək koqnitiv çevikliyə malik olduğunu göstərir.
Tədqiqatın müəllifləri qeyd edirlər ki, bu cür müşahidələr ev heyvanlarının intellektual qabiliyyətləri ilə bağlı ənənəvi təsəvvürləri dəyişə və kənd təsərrüfatı heyvanlarının davranışının daha təbii şəraitdə öyrənilməsinə təkan verə bilər.










