Alimlərdən yeni araşdırma: Qəhvə qaraciyəri qoruya bilər
Daha çox qəhvə içmək qaraciyər xəstəlikləri riskinin azalması ilə əlaqələndirilir.
ERAmedia xəbər verir ki, bu barədə “Clinical Gastroenterology and Hepatology” jurnalında dərc olunan yeni araşdırmada bildirilir. Tədqiqatın nəticələrinə əsasən, qəhvə istehlakı qaraciyər sirrozu, qaraciyər xərçəngi və qaraciyərlə əlaqəli ölüm riskinin azalması ilə əlaqəlidir.
Alimlər UK Biobank məlumat bazasında qaraciyər sirrozu və ya qaraciyər xərçəngi diaqnozu olmayan 350 mindən çox iştirakçının məlumatlarını təhlil edərək onların sağlamlıq vəziyyətini 13 il ərzində izləyiblər.
Araşdırma göstərib ki, gündə beş və ya daha çox fincan qəhvə içən şəxslərdə qaraciyər sirrozu riski 32 faiz, qaraciyər xərçəngi riski 47 faiz, qaraciyərlə əlaqəli ölüm riski isə 42 faiz daha aşağı olub.
2023-cü ildə dərc olunmuş başqa bir tədqiqata görə, qaraciyər xəstəlikləri hər il dünyada iki milyon insanın ölümünə səbəb olur və bu, qlobal ölüm hallarının təxminən 4 faizini təşkil edir. Ölüm hallarının təxminən üçdə ikisi kişilərin payına düşür.
Tədqiqat zamanı daha çox qəhvə içən iştirakçılarda qaraciyərin piylənməsi, qaraciyərdə dəmir toplanması, fibroz və qaraciyər iltihabının da daha az müşahidə edildiyi müəyyənləşdirilib.
Bundan əlavə, qəhvə istehlak edən şəxslərin qan analizlərində sağlam qaraciyər funksiyası ilə əlaqəli zülalların səviyyəsinin daha yüksək, çapıq toxuması və iltihabla əlaqəli zülalların isə daha aşağı olduğu aşkarlanıb.
Tədqiqatın aparıcı müəllifi Cu Donq Yanq bildirib ki, əldə olunan nəticələr qəhvəni sevən və onu yaxşı qəbul edən insanlar üçün ölçülü qəhvə istehlakını dəstəkləyir.
“Bununla belə, yalnız bu araşdırmaya əsaslanaraq heç kimə sırf qaraciyərini qorumaq məqsədilə qəhvə içməyə başlamağı tövsiyə etmirik”, – deyə o əlavə edib.
Araşdırmada həm kofeinli, həm də kofeinsiz qəhvənin oxşar müsbət təsirlərlə əlaqələndirilməsi göstərir ki, faydalar təkcə kofeinlə bağlı deyil.
Tədqiqat müəlliflərindən Şelli Lu isə qeyd edib ki, qəhvə qaraciyər sağlamlığına iltihabın və çapıq toxumasının yaranmasının qarşısını almaq yolu ilə təsir göstərir. Onun sözlərinə görə, gələcək araşdırmalar qəhvədən ən çox fayda görən insan qruplarının müəyyənləşdirilməsinə yönələcək.
Araşdırmada ən güclü əlaqə gündə təxminən üç-dörd fincan qəhvə istehlak edən şəxslərdə müşahidə olunub. Bununla yanaşı, gündə bir-iki fincan qəhvə içənlərdə də qaraciyər xəstəlikləri riskinin nəzərəçarpacaq dərəcədə azaldığı müəyyən edilib.
Cu Donq Yanq vurğulayıb ki, qaraciyərin qorunması üçün əsas amillər sağlam bədən çəkisinin saxlanılması, spirtli içkilərin məhdudlaşdırılması, müntəzəm fiziki aktivlik, həmçinin qan şəkəri, arterial təzyiq və xolesterin səviyyəsinin nəzarətdə saxlanılmasıdır.
Mütəxəssislər xatırladıblar ki, yüksək miqdarda kofein qəbulu ürək döyüntüsünün sürətlənməsi, ürəkdöyünmə, yüksək qan təzyiqi, narahatlıq və yuxu pozğunluqlarına səbəb ola bilər.
Ümumilikdə, əksər böyüklər üçün təhlükəsiz hesab edilən gündəlik maksimum kofein miqdarı 400 milliqramdır ki, bu da təxminən dörd fincan çay və ya qəhvəyə bərabərdir.
Tamilla Manaf









