media-whatsapp-image-2026-09-22-at-12-22-42

Azərbaycanın tanınmış partizanı, İkinci Dünya müharibəsi illərində Fransanın Müqavimət Hərəkatında göstərdiyi şücaətlə yadda qalan Əhmədiyyə Cəbrayılovun doğum günüdür.

ERAmedia xəbər verir ki, 1920-ci ildə dünyaya gələn Cəbrayılov müharibə illərində Fransada müxtəlif gizli adlarla fəaliyyət göstərib. Onun “Xarqo”, “Fraji”, “Qoçaq” və “Ryus Armed” kimi ləqəblərdən istifadə etdiyi bildirilir.

Cəbrayılovun adı xüsusilə Fransanın nasist işğalından azad edilməsi uğrunda aparılan mübarizə ilə bağlıdır. 1945-ci ildə həyata keçirdiyi sabotaj əməliyyatları nəticəsində almanların fransızları dəmir yolu vasitəsilə Almaniyadakı düşərgələrə aparmasına mane olduğu qeyd edilir. Onun yüzlərlə fransız uşağının düşərgələrə göndərilməsinin qarşısının alınmasında da iştirak etdiyi bildirilir.

Azərbaycanlı partizanın fəaliyyəti Fransanın siyasi və hərbi dairələrinin də diqqətindən kənarda qalmayıb. Parisin azad edilməsindən sonra keçirilən tədbirlərdən birində Cəbrayılovun Fransa Müvəqqəti Hökumətinin prezidenti general Şarl de Qollun iştirak etdiyi banketdə olması barədə fotoşəkil də mövcuddur.

Müharibədən sonra Fransa Cəbrayılovun xidmətlərini müxtəlif dövlət təltifləri ilə qiymətləndirib. O, şəxsi igidliyə görə Fransanın “Hərbi medal”ı ilə də təltif olunub.

1946-cı ildə Vətənə qayıtmaq qərarına gələn Əhmədiyyə Cəbrayılov sonrakı həyatını Azərbaycanda davam etdirib. O, 1994-cü ildə vəfat edib.

Onun adı bu gün də Azərbaycanın İkinci Dünya müharibəsi tarixində Fransanın Müqavimət Hərəkatında iştirak etmiş azərbaycanlılardan biri kimi xatırlanır.

media-whatsapp-image-2026-09-22-at-12-22-42

Əli Fərhad


media-adspc

Bənzər xəbərlər