AMEA-da aparılan islahatlar folklorşünaslıq qarşısında yeni vəzifələr müəyyənləşdirir - Hikmət Quliyev
Azərbaycan folklorşünaslığında yeni elmi problemlərin araşdırılması qlobal çağırışların və milli prioritetlərin tələbidir.
Bu fikri AMEA Folklor İnstitutunun direktoru filologiya elmləri doktoru Hikmət Quliyev Elmi şuranın iclasında bildirib. Onun sözlərinə görə, qlobal transformasiyalar, dövlət siyasətinin prioritetləri və AMEA-da aparılan islahatlar folklorşünaslıq qarşısında yeni vəzifələr müəyyənləşdirir. Son illərdə sahənin klassik mətnmərkəzli yanaşmadan sosial-mədəni dinamikanı və kollektiv yaddaşı öyrənən metodologiyaya keçidi istiqamətində addımlar atılıb, 2021–2025-ci illərin nəticələri təhlil edilərək yeni hədəflər müəyyən olunub.
ERAmedia-ya bu barədə institutdan məlumat verilib.
H.Quliyev qeyd edib ki, əvvəlki mərhələdə folklor əsasən mətn və janr kimi öyrənilsə də, müasir yanaşma onu xalqın düşüncə, davranış və inanclarını əks etdirən canlı sosial-mədəni sistem kimi dəyərləndirir. Bu yanaşma əsasında 2026-cı ildən etibarən elmi istiqamətin folklorun kollektiv mədəni yaddaş, milli kimlik və sosial stereotiplər kontekstində tədqiqinə yönəldilməsi planlaşdırılır. 2026–2030-cu illər üçün 9 əsas elmi problem müəyyənləşdirilib. Bunlara mifoloji dünyagörüşünün analizi, rəqəmsal mühitdə folklorun öyrənilməsi, türk eposunun tədqiqi, sosial-antropoloji yanaşmalar, süni intellekt və folklor münasibətləri, multikultural mühitlər və müasir folklor yaradıcılığı daxildir.
Ümumilikdə məqsəd Azərbaycan folklorunun həm qorunması, həm də qlobal elmi dövriyyəyə inteqrasiyasını təmin etməkdir.










