Günay Ağamalı AVP-nin sədri seçilib
Milli Məclisin deputatı Günay Ağamalı Ana Vətən Partiyasının sədri seçilib.
ERAmedia xəbər verir kiŞ bu haqda “Qafqazinfo”ya Partiyanın sədri Fəzail Ağamalı məlumat verib.
“Bu gün Ana Vətən Partiyasının qurultayı keçirilib. Əksər təşkilatlar-Sumqayıt, Abşeron və digər rayon təşkilatlarından nümayəndələr iştirak etdi. Qurultay qanuni olaraq başa çatdı. Yekunda millət vəkili Günay Ağamalı yeni sədr seçildi. Elçin Ağamalıya gəlincə o, nəticəni qəbul etməyə bilər. O, heç Ana Vətən Partiyasının üzvü deyil, qanunsuz hərəkətlərinə görə partiyadan çıxarılıb. Buna görə də biz onun açıqlamalarına ciddi əhəmiyyət vermirik”, – o qeyd edib.
Xatırladaq ki, AVP-nin ötən ilin oktyabrın 25-də keçirilən qurultayında Fəzail Ağamalının öz postunu deputat qızı Günay Ağamalıya verməsi nəticəsində partiyada qalmaqal yaşanmışdı. Belə ki, həmin vaxt partiya üzvlərinin bir qismi onun oğlu Elçin Ağamalının namizədliyini dəstəkləyib. Bu səbəbdən qurultayda F. Ağamalı ilə oğlu arasında gərginlik yaşanıb. Mühafizəçilərin müdaxiləsi nəticəsində ata-oğul bir-birindən uzaqlaşdırılıb.
12:09
Bu gün Ana Vətən Partiyasının növbəti qurultayı keçirilir.
ERAmedia xəbər verir ki, bu barədə AVP sədri Fəzail Ağamalı məlumat yayıb.
Qeyd edək ki, keçən il oktyabrın 25-də qalmaqallı qurultayda AVP-nin sədri Fəzail Ağamalının qızı, deputat Günay Ağamalı, oğlu Elçin Ağamalı və daha 2 nəfər partiya sədri postuna iddialı olub.
Günay Ağamalının namizədliyini irəli sürmüş Fəzail Ağamalı Elçin Ağamalının qurultayın işini pozmaq istədiyini və yaranmış vəziyyətdə qurultay nümayəndələrinin onun növbəti qurultaya qədər sədr postunda qalmasını dəstəklədiyini bildirib. Elçin Ağamalı isə 155 qurultay nümayəndəsinin 100-dən çoxunun səsi ilə sədr seçildiyini iddia edib.
Yaranan qalmaqal fonunda Fəzail Ağamalı növbədənkənar qurultayın təxirə salındığını açıqlayıb.
Noyabrın 3-də Elçin Ağamalı oktyabrın 25-də keçirilən növbədən kənar qurultay ilə bağlı sənədlərin Ədliyyə Nazirliyinə təqdim edildiyini açıqlayıb.
Bu gün keçirilən qurultayda Günay Ağamalının sədr seçiləcəyi gözlənilir. (Mənbə: APA)










