“Anama demə, nigaran qalmasın” – Şəhid hərbi həkimin son sözləri
Vətən müharibəsinin ilk şəhid hərbi həkimi Turqut Xəlilbəyli döyüş meydanında yaralı hərbçilərə yardım göstərərkən həyatını itirib.
ERAmedia xəbər verir ki, Turqut Xəlilbəyli müharibə başlayan zaman arxa cəbhədə, hospitalda xidmət etməli olsa da, öz istəyi ilə ön cəbhəyə göndərilib. O, döyüşlər zamanı yaralanan hərbçilərə atəş altında belə tibbi yardım göstərib və son nəfəsinədək öz peşə borcuna sadiq qalıb.
Şəhidin döyüş yoldaşlarının anasına danışdığına görə, Cəbrayıl istiqamətində döyüşlər zamanı hərbçilər mərmi atəşinə məruz qalıblar. Həmin vaxt Turqut yaralılara yardım göstərib və üç hərbçini atəş altından çıxarmağa nail olub. Özü də yaralanmasına baxmayaraq, döyüş meydanını tərk etməyib.
Növbəti mərmi atəşi zamanı isə Turqut Xəlilbəyli yaralı döyüş yoldaşının üzərinə atılaraq onu qorumağa çalışıb. Hərbçi yoldaşının həyatını xilas etmək üçün özünü sipər edən hərbi həkim həmin an şəhid olub.
Atası Nadir Xəlilbəyli oğlunun müharibə başlayan kimi ön cəbhəyə getmək qərarını xatırlayaraq deyib ki, Turqut arxa cəbhədə xidmət edə biləcəyi halda, öz xahişi ilə döyüş bölgəsinə yollanıb.
“Sonuncu dəfə onun yanına getmişdim. Görüşmüşdük, hər şeyin qaydasında olduğunu bildirdi. Sağollaşanda qulağıma pıçıldadı ki, harada olduğumu anama demə, nigaran qalmasın”, – deyə Nadir Xəlilbəyli bildirib.
Turqutun anası Almaz Hüseynova isə oğlunun müharibədə olduğunu ilk vaxtlar bilmədiyini söyləyib. Onun sözlərinə görə, Turqut telefonla danışanda hər şeyin yaxşı olduğunu deyirmiş.
“Ön cəbhədə olduğunu bildiyimdə mənə söylədi ki, yoldaşları orada yaralanarsa, mütləq onlara kömək olmalıdır. Hər gün telefonla danışırdıq. Şəhid olan günün səhəri danışmışdıq”, – şəhidin anası qeyd edib.
Turqut Xəlilbəyli 8 oktyabr 2020-ci ildə Cəbrayıl istiqamətində gedən döyüşlər zamanı şəhid olub. O, Vətən müharibəsinin ilk şəhid hərbi həkimi kimi xatırlanır.
Əli Fərhad









