media-nariman_narimanov_in_1913

1905-ci ildə Bakıda baş verən qanlı hadisələr Nəriman Nərimanovun ailəsindən də yan keçməyib.

ERAmedia xəbər verir ki, həmin hadisələr zamanı Nərimanovun qardaşı səkkiz xəncər zərbəsi alaraq həyatını itirib, anası Həlimə xanım isə yaralanıb.

Məlumata görə, ağır yaralanan Nərimanovun qardaşı faytonla hadisə yerindən aparılarkən dünyasını dəyişib. Həlimə xanım isə aldığı xəsarətlərdən uzun müddət əziyyət çəkib və hadisədən təxminən bir il sonra vəfat edib.

Nəriman Nərimanovun fəaliyyəti yalnız həkimliklə məhdudlaşmayıb. O, Bakının ictimai və mədəni həyatında da fəal iştirak edib, teatr tamaşalarında rol alıb, müxtəlif pyeslərin səhnələşdirilməsində iştirak edib.

Bununla yanaşı, Nərimanov tibbi yardım göstərmək üçün Azərbaycanın müxtəlif şəhər və kəndlərinə gedib. 1908-ci ildə həkim diplomunu aldıqdan sonra əvvəlcə Tiflisdə, daha sonra isə Bakıda həkim kimi çalışıb.

Onun şəxsi həyatında isə ailə məsuliyyəti mühüm yer tutub. 1913-cü ildə Nərimanov qardaşı qızı Asya xanımın vasitəsilə tanış olduğu Gülsüm xanımla ailə həyatı qurub. Həmin dövrdə Asya xanım Hacı Zeynalabdin Tağıyev tərəfindən yaradılmış rus-tatar qadın məktəbində müəllim işləyirdi və Gülsüm xanımı da həmin mühitdən tanıyırdı.

Maraqlı məqam ondan ibarətdir ki, Nərimanov Gülsüm xanımla evlənəndə 44, onun həyat yoldaşı isə 17 yaşında idi. Gülsüm xanımın imkanlı və tanınmış ailədən olduğu qeyd edilir.

Nərimanovun niyə nisbətən gec evləndiyi barədə məlumatı onun yaxın dostu Abdulla Şaiq də xatirələrində qeyd edib. Şaiqin yazdıqlarına görə, Nərimanov uzun müddət ailəsinin maddi və mənəvi yükünü öz üzərinə götürüb.

Belə ki, Nərimanov yaşlı anası, xalası, bacıları və onların uşaqları, eləcə də digər yaxın qohumlarından ibarət böyük ailənin təminatında mühüm rol oynayıb. Bu məsuliyyət onun şəxsi həyatına da təsir göstərib.

Nəriman Nərimanovla Abdulla Şaiq arasındakı münasibətlər də dövrün diqqətçəkən dostluqlarından biri kimi xatırlanır. Şaiqin xatirələri Nərimanovun yalnız ictimai-siyasi və tibbi fəaliyyətinə deyil, onun ailəsinə münasibətinə dair də maraqlı detallar ortaya qoyur.

Beləliklə, Nəriman Nərimanovun həyat yolu həkimlik və ictimai fəaliyyətdən başqa, ağır ailə sınaqları, böyük məsuliyyət və şəxsi həyatında mühüm dönüşlərlə də yadda qalıb.

Vüsalə


media-adspc

Bənzər xəbərlər