Anasını avtomobil qəzasında itirən nazir sürücünü niyə bağışladı?
Sabiq daxili işlər naziri, general-leytenant Arif Heydərovun həyatında baş verən bir hadisə onun insanpərvərliyini və çətin məqamda nümayiş etdirdiyi mərhəməti əks etdirən nümunələrdən biri kimi xatırlanır.
ERAmedia xəbər verir ki, 1970–1978-ci illərdə Azərbaycanın daxili işlər naziri vəzifəsində çalışmış Arif Heydərov anasını avtomobil qəzası nəticəsində itirib. Hadisə zamanı taksi sürücüsü yüksək sürətlə idarə etdiyi avtomobillə yaşlı qadını vurub və aparılan araşdırmalarda qəzanın baş verməsində sürücünün təqsirli olduğu bildirilib.
Hadisə barədə nazirə məlumat verildikdən sonra o, ilk növbədə sürücünün ailə vəziyyəti ilə maraqlanıb. Ona üç uşağının olduğu, ən kiçik övladının isə cəmi bir yaşında olduğu deyilib.
Anasının itkisi ilə üzləşən Arif Heydərov bir müddət düşünərək qərarını açıqlayıb. O, baş vermiş faciənin geri qaytarılmasının mümkün olmadığını vurğulayaraq, sürücünün övladlarının atasız böyüməsini istəmədiyini bildirib.
“Anamı qaytarmaq mümkün deyil. Uşaqları niyə cəzalandıraq, atasız qoyaq?” – deyə Arif Heydərovun söylədiyi sözlər hadisənin ən yaddaqalan məqamı kimi təqdim olunur.
Beləliklə, anasının ölümünə səbəb olan sürücünü bağışlamaq qərarı verən sabiq nazir şəxsi dərdinə baxmayaraq, uşaqların gələcəyini də nəzərə alıb. Bu hadisə onun adı ilə bağlı xatirələrdə mərhəmət, humanizm və bağışlama anlayışlarının önə çıxdığı nümunələrdən biri kimi yer alır.
Vüsalə










