“AnewZ” yeni sənədli filmi təqdim edib
“AnewZ” televiziya kanalı “The Aviators of Ganja” (“Gəncənin aviatorları”) adlı sənədli filmi təqdim edib.
ERAmedia xəbər verir ki, sənədli film 1936-cı ildə İspaniya vətəndaş müharibəsi dövründə Sovet İttifaqının dəstəyi ilə Azərbaycanın Gəncə şəhərində yaradılmış hərbi aviasiya məktəbində təlim keçmiş gənc ispan pilotların taleyindən bəhs edir.
Filmdə İspaniyanın pilot çatışmazlığı səbəbindən yüzlərlə gəncin məxfi şəkildə Avropanı keçərək Azərbaycana göndərilməsi, Gəncədə qısa müddət ərzində intensiv uçuş hazırlığı keçməsi və sonradan İspaniya vətəndaş müharibəsində iştirak etməsi əks olunub. Bildirilir ki, pilotların kimliyi gizli saxlanılıb, onlara rus adları verilib və onlar rəsmi sənədlərdə sovet kursantları kimi təqdim ediliblər.
Ekran əsərində Gəncədəki aviasiya məktəbindəki çətin təlim şəraiti, dil maneələri, ispan və sovet təlimatçıları arasında ünsiyyətin xüsusi hazırlanmış rus-ispan aviasiya lüğəti vasitəsilə qurulması, eləcə də kursantların müxtəlif sovet hərbi təyyarələrində hazırlıq keçməsi barədə məlumat verilir.
Sənədli filmdə qeyd olunur ki, İspaniyada respublikaçıların məğlubiyyətindən sonra pilotların bir hissəsi geri dönə bilməyərək Sovet İttifaqında qalıb. İkinci Dünya müharibəsi zamanı onlardan bəziləri Sovet ordusunun tərkibində döyüşüb, o cümlədən Bakının neft yataqlarının və digər strateji obyektlərin hava hücumlarından müdafiəsində iştirak edib.
Filmdə vurğulanır ki, Gəncədə təlim dövründə həyatını itirən bəzi pilotlar bu şəhərdə, İkinci Dünya müharibəsində döyüşənlərdən bəziləri isə Bakıda dəfn olunublar.
Sənədli film Azərbaycanın Avropa tarixinin az tanınan bir səhifəsində oynadığı rolu ön plana çıxararaq, Gəncəni İspaniya vətəndaş müharibəsi və İkinci Dünya müharibəsinin tarixi ilə bağlayan mühüm faktlara işıq salır.










