Ankarada keçirilən anti-NATO konfransı yeni suallar doğurur
Azərbaycanın da adının hallandığı Ankarada keçirilən “Böyük Müharibənin Qarşısını Alacaq İttifaq” adlı beynəlxalq konfrans və burada irəli sürülən “dördlü ittifaq” ideyası ölkəmizin milli maraqları ilə uzlaşmır.
Bu fikirləri siyasi şərhçi Elxan Şahinoğlu ERAmedia-ya açıqlamasında bildirib.
Onun sözlərinə görə, iyulun 18-19-da Doğu Pərinçəkin lideri olduğu Türkiyə Vətən Partiyasının təşəbbüsü ilə keçirilən tədbirdə Rusiya, Türkiyə, Çin və İran arasında strateji ittifaqın yaradılması təklif olunub və yekun bəyanatda bu dörd dövlət qlobal təhlükəsizliyi təmin edə biləcək əsas qüvvə kimi təqdim edilib.
Siyasi şərhçi qeyd edib ki, Doğu Pərinçək aylardır bu ideyanın təbliği ilə məşğuldur və bu istiqamətdə ona rusiyalı “avrasiyaçı” ideoloq Aleksandr Duqin də dəstək verir. Onun fikrincə, Pərinçək-Duqin tandeminin irəli sürdüyü konsepsiya həm Türkiyənin, həm də Azərbaycanın maraqlarına ziddir.
Elxan Şahinoğlu vurğulayıb ki, Azərbaycan bütün qonşu dövlətlərlə normal münasibətlərin tərəfdarıdır. Bununla belə, hazırkı siyasi reallıqlar şəraitində Bakı Rusiya və İranla eyni siyasi blokda yer ala bilməz.
“Türkiyəni Rusiya və İranla strateji müttəfiqliyə sürükləmək istəyən yanaşma Cənubi Qafqaz ölkələrini əlavə təhlükələrlə üz-üzə qoya bilər”, – deyə o bildirib.
Politoloqun sözlərinə görə, Ankara konfransında iştirak edənlərin əksəriyyətinin Krım və Donbasın Rusiyaya məxsus olması mövqeyini bölüşdüyünü ehtimal etmək olar. Halbuki Azərbaycan ardıcıl şəkildə Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir.
Elxan Şahinoğlu xatırladıb ki, Prezident İlham Əliyev “işğalla barışmayın” çağırışını edərkən, bununla işğalçı siyasətə münasibətini açıq şəkildə ortaya qoyub. Onun fikrincə, Ankara konfransında səsləndirilən tezislər isə Cənubi Qafqaz ölkələrini, o cümlədən Azərbaycanı Rusiyanın siyasətini dəstəkləməyə və anti-Amerika xətti yürütməyə təşviq edir ki, bu da Azərbaycanın milli və təhlükəsizlik maraqları ilə uyğun gəlmir.
Siyasi şərhçi diqqətə çatdırıb ki, son bir ay ərzində Ankarada həm NATO sammiti, həm də anti-NATO xarakterli beynəlxalq konfrans keçirilib. Onun sözlərinə görə, belə bir tədbirin Türkiyənin paytaxtında təşkil olunması üçün müvafiq şərait yaradılıb və konfransın keçirilməsinə ciddi maliyyə vəsaiti sərf edildiyi də görünür.









